İqor Ponomaryov üçün ağlasığmaz məbləğ
02.07.2009 - 11:24
İqor Ponomaryov üçün ağlasığmaz məbləğ
Hazırda “Xəzər-Lənkəran”da vitse-prezident postunu tutan İqor Ponomaryovun 21 il əvvəl keçirilmiş Seul Yay Olimpiya Oyunlarında qazandığı mükafatın məbləği bəlli olub. Apasport.az saytının məlumatına görə, bu barədə həmin olimpiadada SSRİ yığmasının heyətində həmyerlimizlə yanaşı çempion olan rusiyalı futbolçu Sergey Qorlukoviç açıqlama verib: “Biz çox xoşbəxt idik. Hərəmizə 5000 dollar verdilər. Bu, həmin vaxt üçün ağlasığmaz məbləğ idi”.

Qorlukoviç Seuldakı uğura ağız büzənlərin də cavabını verib: “Bizim olimpiadadakı uğur ölkəmizdə heç də hamını xoşbəxt etmədi. Kimsə bəyan etdi ki, olimpiya turniri az qala iki dərəcəlidir, orada az peşəkarlar olur. Sən demə, finalda Braziliya yığmasında oynayan Romario peşəkar deyilmiş. Bunu bilsəydim, yəqin ki, oturub, dincələrdim”.

Qeyd edək ki, Ponomaryov Seul Olimpiadasında cəmi 1 oyun keçirib və zədə ucbatından meydana çıxa bilməyib. O, futbol üzrə yeganə azərbaycanlı olimpiya çempionudur.
0