Belçikanın ən bərbad hakimi, Yunisoğlu və Votro
20.07.2009 - 12:08
Belçikanın ən bərbad hakimi, Yunisoğlu və Votro
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində sabah baş tutacaq “Bakı” – “Ekranas” görüşünün baş hakimi Serj Qyumenni Sağa Yunisoğlunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı belçikalı FİFA referisi bu ilin martın 28-də Moskvada Rusiya və Azərbaycan yığmaları arasında keçirilmiş rəsmi oyundu idarə edib. “Lujniki” stadionunda 0:2 hesabı ilə uduzduğumuz həmin matçda Qyumenni millimizin üzvlərindən Samir Abbasov, Vüqar Nadirov, Rail Məlikovla yanaşı, “Bakı”nın müdafiəçisi Saşa Yunisoğluya sarı vərəqə göstərib.

Həmin qarşılaşmada “Bakı”nın digər futbolçuları - Fabio Luis Ramimlə Cəmşid Məhərrəmov da iştirak edib. Milliləşən braziliyalı Fabio ikinci hissədə zədələndiyi üçün əvəzlənib, Saşa və Cəmşid isə 90 dəqiqə meydanda olub. Yeri gəlmişkən, Ramim “Ekranas”la səfərdə keçirilən görüşün ikinci hissəsində eyni aqibətlə üzləşdiyi üçün meydanı tərk etməli olub. Yunisoğlu ilə Məhərrəmovun adı “Ekranas”la ilk oyunda ümumiyyətlə, protokola daxil edilməmişdi. Cəmşid UEFA-ya iştirak ərizəsinə göndərildikdən sonra “Bakı”ya qayıtdığı üçün “Ekranas”la oyunlara sifariş olunmayıb və buna görə də Saşa və Fabiodan fərqli Qyumenni ilə yenidən meydanda görüşə bilməyəcək.

Belçika gömrük idarəsində zabit kimi çalışan Serj öz ölkəsi ilə yanaşı, mütəmadi olaraq Hollandiya birinciliyinin matçlarına da təyinat alır və artıq 6 ildir beynəlxalq arenada ədaləti qoruyur. 2003-cü ildən FİFA hakimi olan Qyumenninin ilk rəsmi beynəlxalq oyunu həmin il sentyabrın 24-də baş tutub. O, Xorvatiyanın “Dinamo” və Macarıstanın MTK klublarını meydana çıxarıb. Növbəti il daha iki beynəlxalq qarşılaşmaya təyinat alan belçikalının milli komandaların görüşünə ilk təyinatı 2005-ci ildə alıb. Serj iyunun 4-də Farer adaları ilə İsveçrənin matçında baş hakim olub. U-21-lərin oyunlarına daha çox təyinat alan Qyumenni avrokubok görüşləri ilə yanaşı, arabir əsas yığmaları da meydana çıxarıb. Ötən il isə idarə etdiyi 8 oyun arasında “Portsmut” – “Milan”, “Fənərbaxça” – MTK qarşılaşmalarını qeyd etmək olar.

2008-ci ildə Qyumenni yalnız bir dəfə milli komandaların görüşünə təyinat alıb ki, həmin oyun qonaqlara qələbə gətirib. Belə ki, Şotlandiya səfərdə İslandiyanı məğlub edib – 2:1. Serj millimizin oyununadək UEFA kubokunda fevralın 18-də keçirilən “Dinamo” (Kiyev) – “Valensiya” (İspaniya) görüşünü (1:1) idarə edib.

Qyumenninin karyerasında maraqlı hadisələr də olub. O, Belçika Futbol Federasiyasının bel bağladığı hakim azarkeşlər arasında aparılan sorğunun nəticələrinə görə 2007-ci ildə ölkəsinin ən bərbad hakimi seçilib. Qətərlə belçikalılar arasında bağlanan müqaviləyə əsasən bu ölkəyə 17 günlük ezamiyyətə yollanıb bir neçə matç idarə edən Qyumenni maraqlı açıqlama vermişdi. Onun sözlərinə görə, bu idman növü Qətərdə futbol yox, şeyxlərin oyuncağıdır. 2003-cü ildə Serj “Anderlext”in oyunçusu Aruna Dindaneni elə qəzəbləndirib ki, futbolçu dirsəklə vurduğu zərbə ilə hakimi nokdauna salıb. Zərbə müəllifi sonda cəmi iki oyunluq cəzalandırıb.

Qeyd edək ki, Qyumenninin sabahkı oyunda köməkçilərindən Mark Simons Rusiya – Azərbaycan görüşündə də ona yan xətdə yardım edib. Digər köməkçilər Qreqori Krotteks və Joeri Van de Veldedir. Belçikalı hakimlərin işinə ötənlərin tanınmış fransız hakimi, hazırda UEFA-nın hakim-inspektoru olan Mişel Votro qiymət verəcək. UEFA nümayəndəsi isə serbiyalı Miloş Markeviçdir.
0