Valdas İvanauskas: “Standard”da görüləsi işlər çoxdur
20.07.2009 - 17:17
Valdas İvanauskas: “Standard”da görüləsi işlər çoxdur
“Azərbaycan mətbuatının mənə belə diqqət yetirməsindən məmnunam. Əslində bu, məni təəccübləndirmədi. Çünki böyük sərmayə qoyulan Azərbaycan futbolu inkişaf yolundadır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Sumqayıtın “Standard” klubunun yeni baş məşqçisi Valdas İvanauskas deyib.

Bu gün təqdimetmə mərasimində jurnalistlər qarşısına çıxan litvalı mütəxəssis bildirib ki, ölkəmizə köməkçiləri İqor Pankratyev və Vaxtanq Temizaşvili birgə gəlib. Yeni komandasını məşqə çıxaran İvanauskas bildirib ki, müsbət təəssüratlara malikdir: “Artıq köməkçilərim də gəlib və qarşıda duran vəzifələri yerinə yetirəcəyik. Komanda ilə tanış oldum və gördüklərim haqda müsbət fikirdəyəm. Əslində, iş çox, vaxt azdır. Hər halda, işə başlamaq üçün normal şərait var. Klub rəhbərliyi ilə lazım olan məsələləri müzakirə etmişik. “Standard”da görüləsi işlər çoxdur”.

Heyətlə bağlı məsələlərə toxunan təcrübəli mütəxəssis çətinliklərlə üzləşəcəyini gizlətmir: “Bir çox oyunçular müqavilə ilə digər klublara məxsusdur. Komandada gənc futbolçu var ki, onlar əvvəllər oynamaq üçün çox az şans qazanıblar. Həmin yerli futbolçuları da diqqət mərkəzində saxlayırıq. Komandaya gələn legionerlər səviyyəsi ilə seçilməlidirlər. Mənim üçün onların hansı ölkədən olması fərqi yoxdur. Tərəfkeşlik edən məşqçi deyiləm”.

“Standard”a gələnədək vətənində həm “Banqa” klubu, həm də 21 yaşlılardan ibarət yığmanı çalışdırdığı üçün İvanauskasın Litva Futbol Federasiyası ilə müqaviləsi var. Ölkəmizdə çalışacaq ilk litvalı mütəxəssis bunlara da aydınlıq gətirdi: “Son klubumla müqavilədə kənardan təklif alacağım halda, kompensasiya ödənilməsi durur. Bunu ciddi problem saymıram. Çünki klubumla danışıb, bu məsələni razılaşdıracağıq. 21 yaşlılardan ibarət yığmanın oyunları zamanı isə vətənimə yollanacağam. Yəni “Standard”da işlədiyim zamanı eyni zamanda iki vəzifəni icarə edəcəyəm. Bunu klubun və federasiyanın rəhbərliyi ilə danışmışıq və problem yoxdur. Onsuz da yığmanın oyunları az qalıb və anlaşma bitənə qədər yığmada üzərimə düşən vəzifəni yerinə yetirəcəyəm”.
0