İki güləşçimiz ermənini məğlub edib, medal qazandı
22.07.2009 - 15:44
İki güləşçimiz ermənini məğlub edib, medal qazandı
Serbiyanın Zrenyanin şəhərində yeniyetmələr arasında güləş üzrə Avropa birinciliyinə start verilib. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yeniyetmə sərbəst güləşçilərimiz ilk yarış günündə 2 medal qazanıblar.

10 çəki dərəcəsi üzrə keçirilən qitə birinciliyinin startında 5 idmançımız qüvvəsini sınayıb. Azərbaycan çempionu Elcan Usubzadə (85 kq) öncə türkiyəli Kərim Özbayı (2:0, 3:0), növbəti qarşılaşmada isə gürcüstanlı Levan Qoqritçianini (1:0, 5:0) məğlub edərək, 1/4 finala yüksəlib. Bu mərhələdə isə idmançımız Ermənistan təmsilçisi Vahe Tamrazyanla üz-üzə gəlib. Bədnam qonşularımızın nümayəndəsi də Elcanın qarşısında duruş gətirə bilməyib - 2:0, 4:0. Yeniyetmə pəhləvanımız yarımfinalda polşalı Robert Baran üzərində qələbə qazanıb. Avropa çempionu titulu uğrunda həlledici görüşdə isə Elcan rusiyalı Məhəmmədhacı Xatiyevə uduzub (1:2, 1:5). Nəticədə Usubzadə gümüş medalla kifayətlənib.

69 kq çəki dərəcəsində yarışan Kazım Abbasov isə çempionatda 3-cü yeri tutub. Sevindirici haldır ki, Kazım da Ermənistan güləşçisini məğlub edib. Onun “qurban”ı David Apoyan olub. Həmvətənimiz görüşün 1-ci hissəsində 0:2 hesabı ilə uduzsa da, sonrakı hissələrdə böyük hesabla qalib gəlib - 6:0, 6:1.

Digər idmançılarımıza gəlincə, Nurlan Hacıyev (58 kq) 5-ci, Fərrux Ələkbərov (50 kq) 7-ci, Mircəlal Həsənzadə (42 kq) isə 10-cu pillədə qərarlaşıb. Bu gün daha 5 sərbəst güləşçimiz Avropa birinciliyinin medalları uğrunda mübarizəyə qoşulub.
0