Yığmamızın kapitanı “Kocaelispor”a getmir?
24.07.2009 - 12:18
Yığmamızın kapitanı “Kocaelispor”a getmir?
“Kocaelispor” rəhbərliyi Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovu heyətində saxlaya bilməyəcəyi halda ona alternativ axtaracaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rəşadın mövqeyinə, yəni müdafiənin mərkəzi üçün Gökhan Çaba da namizəddir.

Vaxtilə “İstanbulspor”, “Kasımpaşa”, “Malatyaspor” klublarında çıxış edən Gökhan ötən mövsümü “Boluspor”a keçib və İlqar Qurbanovun komanda yoldaşı olub. 27 yaşlı müdafiəçi ötən mövsüm Bank Asiya birinci liqasında 26 oyun keçirib. “Boluspor”la anlaşması bitən Çabanın meneceri ilə görüşən rəhbərlik bu transferin baş tutmasının Rəşaddan asılı olduğunu sayır.

Mərkəz müdafiəçisi mövqeyinə bir nömrəli namizəd kimi Sadıqovu görən “Kocaelispor” onunla ilkin danışıqlarda müsbət nəticə əldə edə bilməyib. İzmitli həmkarlarımız futbolçumuzun ötən mövsümdən qalan alacağını və yeni anlaşmanın pulunu birlikdə istədiyini, danışıqların davam etdiyini bildirir. Onların sözlərinə görə, Sadıqovun məsələsi ilə bağlı “Kocaelispor”un prezidenti Sərhan Gürkan daim maraqlanır. Hətta o da bildirilir ki, Rəşadı razılığa gətirmək üçün komanda yoldaşları da məsələyə qarışdırılıb.

Belə ki, futbolçuya yaxın isimlər onunla əlaqə saxlayaraq, “Kocaelispor”da qalmasını tövsiyə edirlər. Gürkan bu təzyiqlər altında Sadıqovun komandada qalacağına əmindir. Ancaq işlər planlaşdırıldığı kimi getməzsə, Rəşadın yerinə başqa mərkəz müdafiəçisi alınacaq.

Qeyd edək ki, “Kocaelispor” vitse-prezidentini Bakıya Sadıqovla danışıqlara göndərib.
0