“Tvente”: Zəngin tarixi olmayan “darıxdırıcı” komanda
07.08.2009 - 17:56
“Tvente”: Zəngin tarixi olmayan “darıxdırıcı” komanda
Avropa Liqasının dördüncü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Hollandiyanın “Tvente” klubu zəngin tarixi ilə öyünə bilməz. Apasport.az saytının məlumatına görə, Enshede şəhərinin komandasının cəmi 44 yaşı var.

“Tvente” 1965-ci il iyulun 1-də “Enshede” və “Enshede Boyz” komandalarının birləşməsindən yaranıb. O vaxtdan bəri bu klub çempion ola bilməyib. Elə bu səbəbdən “Tvente” azarkeşləri “Enshede”nin 1926-cı ildə Hollandiya çempionatında qızıl medal qazanması ilə təsəlli tapmağa məcburdur.

Lakin birləşmədən sonra “Tvente”nin işləri yaxşı gedib. 1969-cu ildə ilk mükafatını – bürünc medalları qazanan komanda 1972-ci və 1973-cü illərdə də eyni uğuru təkrarlayıb. 1974-cü ildə isə “Feyenord”la mübarizədə qızıl medalı əldən verib. Buna baxmayaraq, “Tvente” UEFA kubokuna vəsiqə qazanıb və “İpsviç”, “Yuventus” kimi rəqibləri üstələyərək, finala yüksəlib. Lakin həlledici görüşdə hazırda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da yer aldığı Mönhenqladbax “Borussiya”sı “Tvente”nin daşını daş üstə qoymayıb – 5:1 və 0:0. Həmin finaldan iki il sonra Hollandiya kubokuna sahib çıxan “Tvente” bir müddət “kölgəyə çəkilib”.

1982-ci ildə bir illiyə güclülər dəstəsini tərk edən enshedelilərin qayıdışı uğur gətirməyib. Komanda əksər oyunlarını 1:1 və 0:0 bitirdiyi üçün “darıxdırıcı” komanda adını qazanıb. 1997-ci ildə növbəti dəfə bürünc medalları boynundan asan rəqibimiz 2001-ci ildə 24 illik fasilədən sonra yenə ölkə kubokuna yiyələnib. Hollandiya birinciliyində işləri yaxşı getməyən komanda 2002-ci ildə növbəti il dağılmalı idi. Belə ki, klub sahibi müflis olduğunu rəsmən bəyan etmişdi. “Tvente” isə bu çətinliyə dözüb və ölkə kubokunun finalınadək irəliləyib. 2006/07 və 2007/08 mövsümlərində çempionatı 4-cü yerdə bitirən enshedelilər hələ ötən yay Çempionlar Liqasında qüvvələrini sınayıblar. Amma “Tvente” qitənin ən nüfuzlu klub turnirində “Arsenal”a boyun əyərək, UEFA kubokuna yollanıb. Əvəzində “Qarabağ”ın rəqibi daxili çempionatda ikinci dəfə gümüş medallara yiyələnib.

“Tvente” ev oyunlarını 24353 tamaşaçı tutumuna malik “Qrols Veste” stadionunda keçirir. 1998-ci ildə bu stadionun açılışı olarkən, meydan sahibləri PSV-ni 3:0 hesabı ilə məğlub edib. Arenada 2011-ci ilədək aparılacaq təmir-tikinti işlərindən sonra tamaşaçı tutumu 40 min olacaq. Stiv Maklarenin başçılıq etdiyi komanda “Qarabağ”la avqustun 20-də və 27-də görüşəcək.
0