Həbsdə olan Mehman Alışanov cəzaçəkmə müəssisəsində futbol oynadı
16.09.2009 - 12:12
Həbsdə olan Mehman Alışanov cəzaçəkmə müəssisəsində futbol oynadı
Azərbaycan milli çempionatları tarixində ilk qolun müəllifi Mehman Alışanov cəzaçəkmə müəssisəsində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, 42 yaşlı veteran futbolçu bu gün 6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlar keçirilən futbol turnirinin final görüşünün iştirakçısı olub. O, cəza çəkdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsinin komandasının heyətində 15 saylı Cəzaçəkmə Müəssisəsinin komandasına qarşı oynayıb.

Qeyd edək ki, 1993-cü ildə Ağdamın “Qarabağ” klubunun heyətində həm ölkə çempionu, həm də kuboku qazanan yarımmüdafiəçi narkotika alverinə görə təqsirli bilinərək həbs olunub.

Peşəkar futbolçu karyerasını ötən ilin mayında başa vuran Mehman bundan sonra Bakıya köçərək, fəhləliklə pul qazanırmış. Daş sexində çalışan veteran futbolçunu Nəbi Bayramov adlı şəxslə işbirliyi cəncələ salıb. Kokain sataraq pul qazanmaq sevdasına düşənləri tezliklə Xətai rayonunun hüquq-mühafizə orqanları yaxalayıblar.

Mingəçevir futbol məktəbinin yetirməsi olan Mehmanın karyerasının əsas hissəsi doğulub-boya başa çatdığı şəhərin təmsilçiləri - “Kür-Nur” və “Energetik”lə bağlıdır. O, 1992-ci ildə startı verilən birinci milli çempionatda ilk qolun müəllifi kimi tarixə düşüb. Karyerası boyu “Qarabağ” (1992-93, 96/97 mövsümünün ikinci yarısı; 65 oyunda 15 qol), “Kür-Nur” (1993-95, 96/97 və 97/98 mövsümlərinin ilk yarısı; 48 oyunda 3 qol), “Şəmkir” (1997/98 mövsümünün ikinci yarısı), “Viləş” (1998/99; 25 oyunda 1 qol), “Turan” (1999/2000; 9 oyun) klublarında çıxış edən Alışanov güclülər dəstəsində 156 matçda 19 dəfə fərqlənib.

Son 5 mövsümü birinci divizionda Mingəçevirin “Energetik” klubunda keçirən yarımmüdafiəçi 64 görüşdə 4 qola imza atıb. Axırıncı oyununu Qazaxın “Göyəzən” klubuna qarşı keçirmiş Mehman karyerasında son qolunu “Ədliyyə”yə vurub. O, SSRİ-nin yeniyetmələrdən ibarət yığmasında da forma geyinib.
0