İrəvan qızılının qiyməti: 50 min manat! - FOTO - VİDEO
17.09.2009 - 11:06
İrəvan qızılının qiyməti: 50 min manat! - FOTO - VİDEO
Bu gün Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan cüdoçularının Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında göstərdikləri nəticələrin yekunu ilə bağlı tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin şöbə müdiri Mirkamil Rəhimov, cüdo üzrə milli komandanın baş məşqçisi Ağayar Azundzadə, idmançılar, onların valideynləri, həmçinin qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ələkbərov cüdoçuların İrəvanda keçirilən Avropa çempionatında iştirak etməsi ilə bağlı qərarın ölkə prezidenti İlham Əliyevə məxsus olduğunu bildirib: “Dövlət başçısı cüdoçularla görüşündə bildirib ki, bu qərar verilərkən cəmiyyətdə böyük əks-sədaya səbəb olacağı məlum idi. Və əksəriyyət bu qərarı dəstəkləyib. Cüdoçular da vətənpərvərlik nümayiş etdirərək, gözlədiyimiz nəticəni qazandı. Avropa çempionatı göstərdi ki, Azərbaycan və Ermənistan müqayisə oluna bilməz. Ölkəmiz inkişafda çox qabaqdadır. Yığmamızın turnirdə iştirakı Avropa çempionatına rəng qatdı. Bunu Avropa Cüdo İttifaqının prezidenti də vurğuladı. Yarış ərəfəsində cüdoçuların mükafatlandırılacağı nəzərdə tutulmamışdı. Lakin uğurlu çıxışdan sonra dövlət başçısı idmançılara mükafat verilməsini tapşırıb”.

Federasiya prezidentinin çıxışından sonra Avropa çempionatının mükafatçıları, onların şəxsi məşqçiləri, həmçinin yığma rəhbərliyi mükafatlandırılıb.

Elmar Qasımov (Avropa çempionu) – 50 min manat
Şəxsi məşqçisi Əli Dərvişov – 12,5 min manat

İlqar Muşkiyev (Avropa çempionatının gümüş mükafatçısı) – 40 min manat
Şəxsi məşqçisi Tərlan Həsənov – 10 min manat

Rasim Əsədullayev (Avropa çempionatının bürünc mükafatçısı) – 30 min manat
Şəxsi məşqçisi Rəşad Məmmədov – 7,5 min manat

Fəqan Eminoğlu (Avropa çempionatının bürünc mükafatçısı) – 30 min manat
Şəxsi məşqçisi Ceyhun Əliyev – 7,5 min manat

Ramin Qurbanov (Avropa çempionatının bürünc mükafatçısı) – 30 min manat
Şəxsi məşqçisi Əli Dərvişov – 7,5 min manat

Azərbaycan milli komandasının baş məşqçisi Ağayar Axundzadə - 11 min manat
Azərbaycanın gənclər yığmasının məşqçisi Fərhad Məmmədov – 11 min manat
Azərbaycanın gənclər yığmasının məşqçisi Azər Şıxəliyev – 11 min manat

Qeyd edək ki, Azərbaycanın gənclər yığmasının həkimi Kamil İsgəndərov və beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov da mükafatlandırılıb. Lakin onların mükafatının məbləği açıqlanmayıb.
0