Kozux: Azərbaycanla oyundan sonra mənim üçün heç nəyin fərqi yoxdur
02.10.2009 - 10:52
Kozux: Azərbaycanla oyundan sonra mənim üçün heç nəyin fərqi yoxdur
“Azərbaycan yığması ilə oyun da daxil olmaqla, mərhələ bizim üçün möhtəşəm alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın voleybolçu qadınlardan ibarət yığmasının liderlərindən olan Marqaret Kozux deyib.

Millimiz üzərindəki 3:0 hesablı qələbədən sonra xanım idmançı oyunla bağlı fikirlərini açıqlayıb. Kozux Polşada keçirilən Avropa çempionatının həlledici görüşlərində də qələbəyə iddialı olduqlarını bildirib: “Biz pley-off mərhələsindəki bütün oyunlarımızda qalib gəldik. Və artıq Lodzda keçiriləcək yarımfinal haqda düşünürük. Azərbaycanla oyundan sonra mənim üçün heç nəyin fərqi yoxdur. Kiminlə, harada oynayırıq. Bundan sonra artıq yalnız qələbələr haqda düşünərək var qüvvəmizlə oynayacağıq”.

Qeyd edək ki, Almaniyaya məğlubiyyətdən sonra Azərbaycan yığması Avropa çempionatını XII yerdə bitirib.
0