Löv: Azərbaycanla hər iki görüşdə həqiqətən də yaxşı oynamadıq
03.10.2009 - 10:09
Löv: Azərbaycanla hər iki görüşdə həqiqətən də yaxşı oynamadıq
“Azərbaycan milli komandası ilə hər iki qarşılaşmada həqiqətən də ən yaxşı oyunumuzu göstərmədik. Bəli, buna qədər də oyun planında istədiyimiz kimi güclü deyildik. Ancaq fikrimcə, Moskvada hər şey başqa cür olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv deyib.

2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində son iki rəsmi görüşünü Azərbaycan milli komandası ilə keçirən bundestim Bakıda 2:0, Hannoverdə 4:0 hesablı qələbə qazanıb. İndi Lövün yetirmələrini oktyabrın 10-da Moskvada Rusiya ilə çox vacib oyun gözləyir ki, məhz həmin görüşdə qrupun qalibinin taleyinə böyük ölçüdə aydınlıq gələcək: “Moskvada ona görə hər şey başqa cür olacaq ki, Almaniya yığmasının ən güclü tərəflərindən biri həlledici oyunlarda ən yaxşı formasını göstərə bilmək bacarığıdır. Mənim komandam gözəl bilir ki, bu görüşdə ortaya nə qoyulub. Buna görə də əminəm ki, ötən il Dortmundda qalib gəldiyimiz oyunda olduğu kimi, Moskvada da güclü oyun nümayiş etdirəcəyik. Üstəlik, gənc futbolçularımızın olmasına baxmayaraq, yığmamızın xarakteri həddən artıq güclü olub”.
0