Milli komandamızın aparıcı üzvlərinə istirahət
04.11.2009 - 10:18
Milli komandamızın aparıcı üzvlərinə istirahət
Noyabrın 5-6-da Gəncədə əməkdar məşqçi, idman ustası İsax Cəfərovun xatirəsinə böyüklər arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək. Azərbaycan Güləş Federasiyasının (AGF) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hər il keçirilən yarışda əsas məqsəd İsax Cəfərovun xatirəsini yad etmək, qonşu ölkələrlə idman əlaqələrini möhkəmləndirmək və pəhləvanların ustalıq səviyyəsini artırmaqdır.

AGF, qurumun 7 saylı nümayəndəliyi və Gəncə şəhər Gənclər və İdman İdarəsinin təşkilat etdiyi yarış Olimpiya İdman Kompleksində baş tutacaq. Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan və Rusiya (Dağıstan) yığmaları da qüvvəsini sınayacaq. Qaliblər diplomla təltif olunacaq, medal və mükafatlara layiq görüləcək.

Milli komandamızın məşqçilər korpusu qarşıdakı yarışda liderlərə istirahət verəcək və əsasən “ikinci nömrələr”i sınaqdan keçirəcəklər.
0