Bukmeker kontorları Şahin Diniyevin komandasından niyə şübhələnirlər?
19.11.2009 - 17:20
Bukmeker kontorları Şahin Diniyevin komandasından niyə şübhələnirlər?
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin baş məşqçisi olduğu Qroznının “Terek” klubunun Rusiya Premyer Liqasının növbəti turunda doğma meydanda “Kuban”la (Krasnodar) keçirəcəyi oyun böyük şübhələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, rusiyalı bukmekerlər XXIX tur çərçivəsində noyabrın 21-də Qroznıda baş tutacaq görüşə ehtiyatla yanaşırlar. Artıq bir neçə bukmeker kontoru “Terek” - “Kuban” görüşünə pul qoyuluşu qəbul etməkdən imtina edib. Ancaq bu, turun digər görüşlərinə şamil olunmayıb.

Şübhələrə əsas səbəb isə “Terek”in Premyer Liqada mübarizə aparmaq uğrunda rəqibə bilərəkdən uduzmaq ehtimalıdır. Hazırda turnir cədvəlində 11-ci yerdə qərarlaşan Diniyevin komandası son iki turun nəticələrindən asılı olmayaraq, çempionatda yerini qoruyacaq. Hazırda 15-ci sırada olan “Kuban”ın isə güclülər dəstəsində yerini qorumaq şansı olsa da, qalan iki görüşdə mütləq qələbə qazanmalıdır. Krasnodarlıları “Terek”lə yanaşı, hazırkı lider, son ölkə çempionu Kazanın “Rubin” klubu ilə də sınaq gözləyir.

Qeyd edək ki, bukmeker kontorları hələ Diniyev baş məşqçi olmamışdan öncə də “Terek”in oyunları şübhə ilə yanaşırdılar. Xüsusilə ilk dövrədə Qroznıda “Krılya Sovetov”la keçirilən görüş böyük əks-səda doğurmuşdu. Bu matç UEFA-nın şübhəli oyunları siyahısında da yer alıb.
0