“Ağatahir Əzimov peşəkar futbolçuya xas olmayan hərəkət etdi” - MÜSAHİBƏ
20.01.2010 - 20:46
“Ağatahir Əzimov peşəkar futbolçuya xas olmayan hərəkət etdi” - MÜSAHİBƏ
Azərbaycan futzal yığmasının kapitanı, qapıçı Marat Salyanskinin apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatının açılış matçında Macarıstana qarşı oynamadınız. Kapitan kimi, fikrinizi bilmək istərdim, kənardan baxdıqda yığmamızın çıxışı necə görünür?
- Kənardan baxanda daha çox həyəcanlanırsan, nəinki oyunda. Şəxsən, dünənki oyun mənim xoşuma gəlmədi. Bəlkə də bu, milli komandanın ən zəif matçı idi. Ancaq digər tərəfdən yaxşı oldu ki, qrupdakı ikinci rəqibimiz olan çexlərə əsl gücümüzü göstərmədik. Həm də futzalçılarımızı başa düşmək olar. Belə yarışda birinci oyun həmişə çətin olur. Fikrimcə, Çexiya yığmasına qarşı matç daha yaxşı və baxımlı olacaq.

- Artıq indidən demək olarmı ki, 1/4 finala çıxmışıq?
- Bəli.

- Yəni, Çexiya komandası bizim qarşımızı kəsə bilməz?
- Məncə, qrup qalibi qismində növbəti mərhələyə yüksələcəyik. Lakin şər deməsən, xeyir gəlməz. Allah eləməmiş, çexlərə uduzsaq da, fikrimcə, ikinci yerin sahibi kimi, 1/4 finalda iştirak hüququna yiyələnəcəyik. AFFA və Futzal Federasiyasının rəhbərliyi qarşımıza qrupda birinci pilləni tutmaq vəzifəsi qoyub.

- Macarıstanla görüşdə iki fərqli hissə oldu. Birinci hissədə 50-ci saniyədə hesabı açdıq, ardınca qol buraxmağımıza baxmayaraq, daha iki dəfə fərqləndik. Fasilədən sonra isə müdafiəyə oturduq, zəif təsir bağışladıq. Hissələr arasında belə kəskin fərq nə ilə bağlıdır?
- 3:1 hesabı bizi qane edirdi. İkinci hissədə bəzən rəqib komandada qapıçını sahə oyunçusu əvəzləyirdi, buna görə də istər-istəməz müdafiəyə çəkilməli idik. Məşqdə bu epizod üzərində işləmişdik, bilirdik ki, rəqibdə 5 sahə oyunçusu olduqda, 12, hətta 10 metr müdafiəyə çəkilməliyik və arxa xətti yarmağa imkan verməməliyik.

- Qarşılaşmada ən yaxşı və ən pis oyunçular kimlər oldu?
- ...

- Yoxsa, konkret ad çəkmək istəmirsiniz?
- Əksinə, mən konkret cavab verirəm. Macarlarla görüşdə qapıçı Andrey Tveryankin və yığmamızdakı yeni braziliyalı Alvesi fərqləndirərdim. Alves cəmi bir ay öncə bizə qoşulub, hələ tam uyğunlaşmayıb, təcrübəsi yoxdur. Lakin gözləmədiyim halda, çox yaxşı təsir bağışladı. Bunu heç də onun qol vurmasına görə demirəm. Alvesin faydalılıq əmsalı böyük idi. Bir də Maşadonu qeyd edərdim. Qalanlarının isə oyunu alınmadı.

- Çoxları veteran futzalçımız Ağatahir Əzimovun Macarıstana aparılmasını gözləsə də, son anda onun adı heyətdən çıxarılıb. Bu məsələ Avropa çempionatı ərəfəsində, eləcə də ilk oyundan sonra gündəmdən düşməyib. Bilmək istərdim ki, Əzimovun qitə birinciliyinə gətirilməməsinin əsl səbəbi nədir?
- O, komandada zəif idi. Ağatahiri məşqə çağırdılar, onun hazırlığını nə Zaur müəllim (Futzal Federasiyasının prezidenti Zaur Axundov nəzərdə tutulur - red.) bəyəndi, nə də baş məşqçi. Biz Macarıstana gəldikdən sonra Ağatahir peşəkar futbolçuya uyğun olmayan müsahibə verib. Səni milli komandaya çağırmayıblarsa, hirslənib bütün komandanın sirrini, ictimaiyyətə məlum olmayanları açıqlamamalısan. Sabah məni də yığmaya dəvət etməyə bilərlər, durub danışmalıyam ki, belə-belə şeylər olub? Bu, peşəkar futbolçuya xas olmayan haldır.

- Bəlkə ona qarşı qərəz var idi və ya rəhbərliklə mübahisə edib?
- Ağatahir sırf hazırsızlığına görə qitə birinciliyinə gətirilən heyətdən kənarda qaldı. O, fiziki formada deyildi.
0