Taktiki döyüşə son hazırlıq - FOTOSESSİYA
27.01.2010 - 22:11
Taktiki döyüşə son hazırlıq - FOTOSESSİYA
Azərbaycan futzal yığması Macarıstanda təşkil olunan Avropa çempionatının yarımfinal matçına hazırlıq məqsədilə bu gün yeganə məşqini keçirib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, sabah Portuqaliya ilə qarşılaşacaq komandamız Debretsenin “Foniks” İdman Sarayında məşqə çıxıb.

Futzalçılar əvvəlcə isinmə və dartınma hərəkətləri ediblər. Ardından onlar cütlüklərə bölünərək, ötürmələr üzərində işləyiblər. Bu zaman 6-cı cütlük tamamlanmadığından, baş məşqçi Joze Alesio da Silva özü məşqə qoşulub. Məsələ burasındadır ki, 1/4 finalda diz nahiyəsindən ciddi zədələnmiş Alves məşqi kənardan seyr edib. Onun sabah portuqaliyalılara qarşı mübarizə aparacağı sual altındadır.

Daha sonra taktiki məşqlər oldu. Silva komandanı hücumda və müdafiədə sınadı. Bu da onunla əlaqədardır ki, əksəriyyət sabahkı görüşü taktiki döyüş kimi xarakterizə edir. Məşqin sonlarında isə futzalçılar qapıya 10 metrlik zərbələr endirdilər. Yığmamız zaldan çıxarkən, digər yarımfinalçı, dördqat Avropa çempionu İspaniya komandası meydançaya daxil oldu. Hər iki komandanın oyunçuları və baş məşqçiləri görüşərək, bir-birlərinə uğurlar arzuladılar.

Qeyd edək ki, Azərbaycan - Portuqaliya qarşılaşmasının start fiti sabah Bakı vaxtı ilə saat 20:30-da çalınacaq. Bu görüşdən sonra İspaniya və Çexiya yığmaları arasında “duel” başlanacaq. Avropa çempionatına yanvarın 30-da yekun vurulacaq.
0