Rail Məlikov: Qoy, bu sirr qalsın - MÜSAHİBƏ
02.02.2010 - 00:37
Rail Məlikov: Qoy, bu sirr qalsın - MÜSAHİBƏ
Artıq Premyer Liqada fasilə bitdi. Bu gün XVIII turun oyunlarına start veriləcək. Təbii ki, elita təmsilçiləri bu fasilədə heyətdə olan boşluğu doldurmağa çalışdılar. Arxada qalan oyunlarda heç də özünə bənzəməyən “Neftçi”də digər iddialılar kimi təlim-məşq toplanışının bir mərhələsini ölkə xaricində reallaşdırdı. Paytaxt təmsilçisi iki həftə Antalyada hazırlıq keçdi. Baş məşqçi Vaqif Sadıqov komandanın hazırlığındakı qüsurları aradan qaldırmaqla yanaşı, heyətə də əl gəzdirməyi lazım bildi. Müsahibimiz isə son illərdə “Neftçi”nin lideri olan Rail Məlikovdur. Onunla söhbət əsnasında komandanın hazırlığı, eləcə də heyətdə baş verən yenilikləri öyrənməyə çalışdıq.

- Antalyadakı təlim-məşq toplanışı necə keçdi?
- Əvvəlcədən də planlaşdırıldığı kimi, komanda hazırlığın ikinci mərhələsini Antalyada reallaşdırdı. İki həftə Türkiyədə qaldıq. Bu toplanış əvvəlkilərdən fərqlənirdi. Məşqçilər korpusu fiziki hazırlığa daha çox vaxt ayırırdı. Taktiki çalışmalara da diqqət yetirilirdi. Ancaq əsasən fiziki yükləmələr üstünlük təşkil edirdi. Bu toplanışı fərqləndirən əsas məqam da bununla bağlı idi. Mən də daxil olmaqla komanda yoldaşlarım baş məşqçinin verdiyi tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışırdıq. Fikrimcə, toplanış “Neftçi” üçün faydalı keçdi və bunun nəticəsi çempionat oyunlarında görsənəcək. Qaldığımız otel, yaradılan şərait də yüksək səviyyədə idi.

- Yoldaşlıq oyunlarında komanda necə təsir bağışladı?
- Hazırlığın birinci mərhələsini Bakıda keçirdik. Buradakı hazırlıq zamanı da məşqçilər fiziki hazırlığa daha çox diqqət yetirirdi. Bunun davamı olaraq Antalyada iki həftəlik toplanışda olduq. Təbii ki, Bakıda fiziki məşqlərə çox vaxt ayırmağımızın xeyrini yoldaşlıq oyunlarında gördük. Sona qədər mübarizə aparmağı bacarırdıq. Yorğunluqdan demək olar, əsər-əlamət qalmamışdı. Baxmayaraq ki, oyunlara yorğunluq fonunda çıxırdıq və bu normalda öz təsirini göstərməli idi. Bu yoldaşlıq matçları olduğundan nəticə vacib deyildi. Düzdür, qələbə istər-istəməz komandada psixoloji durumu yüksəldir. Ümumiyyətlə, fasilədə komandada çox dəyişiklik olub. Məşqlərə yüksək əhval-ruhiyyədə çıxırıq.

- Sparrinq-rəqiblər zəif komandalar idi, yoxsa....
- Əksinə, güclü komandalarla qarşılaşdıq. Hazırlıq mərhələsində “artırmaq” üçün özündən güclülərlə qarşılaşmalısan. Zəif komandaları məğlub etməklə heç bir irəliləyişə nail olmaq mümkün deyil. Əksinə özün onun səviyyəsinə enmiş olacaqsan. Nə qədər güclü komandalarla qarşılaşsaq, həm gücümüzə bələd olarıq, həm də təcrübəmiz artar, problemləri aydın görmək olar.

- Oyunlardan hansı daha çətin keçdi?
- Demək olar, rəqiblərimiz güclü komandalar olduğundan, bütün oyunlarımız çətin keçdi. Xüsusilə də Türkiyə Superliqasında mübarizə aparan “Antalyaspor” və Rumıniyanın “Qaz Metan” klubları ilə görüşləri qeyd etmək istəyirəm. Təsəvvür edin, “Antalyaspor” bizimlə matçdan 3 gün əvvəl Türkiyənin ən iddialı komandalarından olan “Fənərbağça”nı məğlub etmişdi. Həm də bu oyunumuz güclü yağış altında baş tutdu. Təbii ki, palçıq meydanda oynamaq üçün fiziki cəhətdən güclü olmaq vacibdir. Oyun ərzində qol vurmaq üçün şanslarımız oldu. Bir neçə dəfə hücumçularımız rəqib qapıçı ilə təkbətək çıxsa da, imkanları düzgün dəyərləndirə bilmədi.

- Maraqlıdır ki, Antalya toplanışı çərçivəsində keçirdiyiniz oyunların heç birində “Neftçi” qol buraxmadı və məğlub olmadı. Bunu müdafiənin aktivinə yazmaq olarmı?
- Baş məşqçimiz müdafiəyə daha çox diqqət yetirir. Yəni arxa xətt etibarlı çıxış etsə, rəqibin fərqlənmək şansı olmaz. Biz də müdafiədə sayıq oynadıq. Səhvlərə yol verməməyə çalışdıq. Düzdür, bunu yüz faiz həyata keçirə bilmədik. Oyundan sonra matçların təhlilini apararkən, səhvlərimizi görürdük və bundan nəticə çıxarmağa çalışırdıq. Yəni əlimizdən gələni etdik ki, qapımızdan top buraxmayaq. Yoldaşlıq matçlarında buna nail olduq. Əsas rəsmi oyunlardır. İnşallah, üzərimizə düşəni edəcəyik ki, komanda əvvəlki imicini özünə qaytarsın.

- Bayaq komandada xeyli dəyişikliyin olduğunu bildirdin. Bunu deyərkən nəyi nəzərdə tutursan?
- Qoy, bu sirr olaraq qalsın. Premyer Liqanın oyunlarında bu dəyişiklikləri meydanda görəcəksiniz. Baş məşqçi komandanı dirçəltmək üçün fasilədə çox iş gördü.

- “Neftçi” transfer dövründə Cavid Hüseynovdan başqa, daha 3 nəfərlə müqavilə bağladı. Necə düşünürsən, onlar komandanı gücləndirə biləcəklərmi?
- Valeri Abramidzenin oyunu xoşuma gəldi. O, əvvəllər də “Neftçi”nin formasını geyinib. Ruslan Abışov əməliyyat olunduğundan, müdafiənin mərkəzində boşluq yaranmışdı. Abramidzenin gəlişi ilə arxa xətt gücləndi. Abışov zədəsini bərpa etdikdən sonra yenidən əsas heyətdə yer alacağına inanıram. Abramidze ilə Abışovun tandeminin güclü alınacağına ümid edirəm. Hücumçular da pis təsir bağışlamadılar. Yoldaşlıq oyunlarında qol vururdular.

- Fasiləyə qədər keçirilən oyunlara diqqət yetirsək, hücumçuların nadir hallarda fərqlənməsinin şahidi oluruq. Yeni gələnlər bu boşluğu aradan qaldıracaqlarmı?
- Qol vurmaqla yanaşı, hər oyunda qol buraxmaq problemimiz də var idi. Əsas məsələ qol buraxmamaqdır. Onların qol vurmaq məsələsinə gəldikdə, bunu çempionat oyunlarında görəcəyik.

- Səncə, komanda qarşıdakı beş oyuna və ikinci mərhələyə hazırdırmı?
- Baş məşqçi komandanın hazırlığından razı qalıb. Görünür komanda fasilədə özünü pis göstərməyib. Necə hazır olduğumuzu oyunlar göstərəcək.

- Arxada qalan oyunlarda “Neftçi”nin zəif çıxış etməsi nə ilə bağlı idi?
- Bizim yeganə problemimiz fiziki hazırlığımızın aşağı olması ilə bağlı idi. İndi vəziyyət fərqlidir. Komanda kollektiv oyuna üstünlük verir.

- “Neftçi” sabah “Qarabağ”la qarşlaşacaq. Bu oyundan nə gözləmək olar?
- Hər iki klub bütün çempionatlarda iştirak edən 3 komandadan ikisidir. Yəni bu komandalar arasında oyunlar həmişə gərgin və maraqlı keçib. Bu dəfə də istisna olmayacaq. Azarkeşlərin maraqlı oyun izləyəcəyini söyləyə bilərəm. Rəqibə gəldikdə, onlardan çəkinmirik, amma hörmətlə yanaşırıq.

- “Qarabağ” da toplanışı Antalyada keçirib. Orada Ağdam təmsilçisinin oyununu izləyə bilmisinizmi?
- Xeyr, bütün diqqəti öz oyunlarımıza və məşqlərimizə yönəltmişdik.

- Bu oyunu həm də 6 xallıq matç kimi dəyərləndirmək olar. Eyni zamanda birinci dövrədə “Neftçi” rəqibinə məğlub olmuşdu. Bunun revanşını almaq mümkün olacaqmı?
- Əlbəttə, revanş olmalıdır. Yəni bu oyunda 3 xal bizim üçün vacibdir. Hələ “altılıq”dakı yerimizi təmin etməmişik.

- “Neftçi” iddialı komandalarla oyunlarda vacib xallar itirib. Onların yerini doldurmaq mümkün olacaqmı?
- Bu hər bir komandanın üzləşə biləcəyi vəziyyətdir. İtirdiyimiz xalları fasilədən sonra bərpa edəcəyik. İnşallah, “Neftçi” “altılıq”a düşəcək.

Mənbə: “Futbol dünyası” qəzeti
0