“Azərbaycanla görüş prinsipial yox, maraqlı olacaq” - MÜSAHİBƏ
12.03.2010 - 11:38
“Azərbaycanla görüş prinsipial yox, maraqlı olacaq” - MÜSAHİBƏ
“Bakı” klubunun formasını geyinən Moldova yığmasının futbolçusu Aleksey Savinovun apasport.az saytına müsahibəsi

- Milli komandanız mayın 26-da Avstriyada Azərbaycan yığması ilə yoldaşlıq görüşü keçirəcək. Bundan xəbəriniz var?
- Düzünü desəm, yox.

- Azərbaycanla yoldaşlıq görüşünü sizin üçün xoş sürpriz saymaq olar?
- Bəli. Yığmanızla qarşılaşmaq yaxşı oldu. Belə rəqiblə görüşdə iştirak etməyi çox istəyirəm. Hesab edirəm ki, Azərbaycan yığması ilə oyunumuz çox maraqlı olacaq.

- Moldova, yoxsa Azərbaycan millisini güclü sayırsınız?
- Əslində, indi zəif komanda yoxdur. Hər bir rəqibə qarşı hörmətlə yanaşmaq lazımdır. Moldova, yoxsa Azərbaycan yığmasının güclü olduğunu oyun göstərəcək.

- “Bakı”nın heyətində çıxış etdiyiniz iki ildə Azərbaycan yığmasına Berti Foqts rəhbərlik edir. Alman məşqçinin dövründə komandamızın oyunu sizdə hansı təəssürat oyadıb?
- Milli komandanızın hazırkı oyunu xoşuma gəlir. Foqtsun gəlişindən sonra yığmanız çox artırıb. Hər halda, nəticələr də bunu göstərir. Ötən seçmə mərhələnin sonunda yaxşı təsir bağışladı. Bundan sonra Azərbaycan keçirdiyi üç yoldaşlıq görüşündə qələbə qazanıb. Ardıcıl qalib gəldiyiniz görüşlərdə yaxşı oynamısınız. Hesab edirəm ki, yığmanız hazırda yüksəlişdədir. Foqtsun komandasında müsbət tendensiya yaranıb. Bütün bunlar onu göstərir ki, bizi Azərbaycanla asan oyun gözləmir.

- Daim çağırıldığınız və aparıcı futbolçusu olduğunuz Moldova yığmasında baş məşqçi dəyişikliyinin təsiri varmı?
- Yeni baş məşqçimiz Qabi Balintin təcrübəsi böyükdür. Böyük klublarda işləyib, yığmanı çalışdırıb. Balintə bizim futbol da çox yaxşı tanışdır. Çünki ölkəmizdə də işləyib, “Şerif” klubunun baş məşqçisi olub. Məşqçi kimi uğurları olan Balintlə tanış olmuşuq və ilk təəssüratlarımız yalnız müsbətdir.

- Sizə yaxşı tanış olan yığmamızın güclü tərəfi hansıdır? Hansı futbolçularımızı qeyd edə bilərsiniz?
- Azərbaycan yığmasında bütün xətlər bərabər səviyyədədir. Təbii ki, qış fasiləsində xaricə gedən futbolçularınız Mahir Şükürovla Vaqif Cavadov təcrübələrini artıracaqlar. Onlar yığmanızın gücünə güc qatacaq.

- “Bakı”dan da yığmamıza futbolçular çağırılır. Komanda yoldaşlarına qarşı oynamaq çətin olmayacaq ki?
- (gülür) Biz peşəkar futbolçularıq. Necə deyərlər, işin öz yeri var, dostluğun öz yeri. Hərə öz komandasının uğuru üçün çalışacaq.

- Sizinlə yanaşı, Azərbaycanda bir sıra həmyerliniz çıxış edir və yığmanıza çağırılır. Necə hesab edirsiniz, moldovalı futbolçular üçün yaxşı tanıdığı azərbaycanlı futbolçulara qarşı oynamaq asan, yoxsa çətin olacaq? Ümumiyyətlə, hansısa prinsipiallıq olacaqmı?
- Məncə, yox. Bu, adi bir oyundur. Azərbaycan yığması yoldaşlıq görüşündə növbəti rəqibimizdir. Hər halda, yaxşı tanıdığım futbolçulara, komandaya qarşı oynamaq mənim üçün maraqlıdır. Hesab edirəm ki, Moldova – Azərbaycan görüşü prinsipial yox, amma maraqlı olacaq.

- Şansları necə dəyərləndirərdiniz?
- Bu haqda bir şey deyə bilmərəm. Çünki proqnoz verməyi xoşlamıram.

- Moldova və Azərbaycan Avro-2012-də nəyə ümid etməlidir?
- Həmişə ən yaxşı nəticələrə ümid etmək lazımdır. Hər bir oyunda maksimal xal qazanmağa çalışmalıyıq. Kimin necə çıxış edəcəyini isə zaman göstərəcək.
0