“Hakimlər onlara təzyiq göstərən klublardan çəkinirlər” - MÜSAHİBƏ
18.03.2010 - 15:23
“Hakimlər onlara təzyiq göstərən klublardan çəkinirlər” - MÜSAHİBƏ
Ağdamın “Qarabağ” klubunun futbolçusu, Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan kuboku uğrunda “Xəzər-Lənkəran”la oyunu təhlil edəndə, məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Biz yaxşı futbol göstərdik. Bu səbəbdən oyuna görə çox təəssüflənmirəm. Sadəcə, bir az yorğunluq var. Qarşıdakı turda “Qəbələ” ilə səfər oyununa hazırlaşırıq. Futbolda belə məğlubiyyətlər olur. Elə olur ki, yaxşı oynayırsan, ancaq pis nəticə göstərirsən, yaxud da əksinə. “Xəzər-Lənkəran”la oyun da belə oldu. Meydanda 9 nəfərlə qalmağımıza baxmayaraq, iki qol vəziyyəti yaratdıq, sonadək mübarizə apardıq. Futbolçularımıza görə qurur hissi keçirirəm. Fəxr edirəm ki, belə bir mübariz komandamız var. Lənkəranda belə oyun nümayiş etdirməyi hər komanda bacarmır. Hərdən elə olur ki, qələbə qazansan da, bundan ləzzət almırsan. Amma məğlub olduğumuz görüşdə göstərdiyimiz oyundan, mübarizədən çox ləzzət aldım.

- Amma əsas nəticədir. “Qarabağ” son kubokun sahibi kimi titulunu qoruya bilmədi və mübarizəni 1/4 finalda dayandırdı...
- Əlbəttə, məğlub olmaq yaxşı deyil. Nəticə çox vacib amildir və bunu qazana bilməmək bizi üzür. Amma nə etmək olar... Artıq bütün fikrimizi, gücümüzü çempionata kökləyəcəyik. İnşallah, “altılıq”da öz sözümüzü deməyə çalışacağıq.

- Oyunun nəticəsində kənar amillərin də rolu var. Sizcə, hakimliyi bu baxımdan həlledici saymaq olarmı?
- Hakimlik haqda danışmaq istəmirəm. Sadəcə, çoxları deyirdi ki, guya “Qarabağ”a kömək edirlər, nəyisə söz veriblər, ötən mövsüm kuboku vəd etmişdilər. Amma oyunlarımıza fikir versəniz, nə hakim, nə də kənar köməyin olmadığını görmək mümkündür. Ümumiyyətlə, bizə heç bir kömək olmur və öz gücümüzlə sona kimi mübarizə aparırıq. “İnter” və “Xəzər-Lənkəran”la son oyunlar göstərdi ki, bəzi anlarda üstün futbol oynayırıq. Nəyə nail oluruqsa, var-gücümüzlə bunu edirik. Futbolda həmişə nəticə əldə etmək olmur. Baxın, bir penalti zərbəsi vurmuşuq, onu da “Karvan”ın qapısına. Başa düşmək olmur, belə şeylər haradan yaranır. Bu söz-söhbətlər “Qarabağ”a yaraşmır. Bu barədə haqqında danışılacaq bir çox komanda olsa da, onlara heç nə deyilmir. Ümumiyyətlə, fikir verirəm ki, hakimlər onlara təzyiq göstərən komandalardan çəkinirlər. Dərhal meydançada onları razı salacaq qərarlar qəbul edirlər. Hakimlərin bir az diqqətli olmasını istəyirəm.

- Hakimlərə təzyiq edən komandalar deyəndə, konkret kimləri nəzərdə tutursunuz?
- Ad çəkməyəcəm. Sadəcə, fikir verirəm ki, neçənci klubdur heç nədən bunu edir, sonra nəticəni hakimin boynuna atır. Amma bəlkə də həmin oyunda hakim onlara daha yaxşı qərarlar çıxarırdı, ancaq nəticə olmur. Komandaların hakimliyin zəif tərəfindən tutmasına diqqət yetirmişəm. Artıq 3-4-cü klubdur ki, birbaşa hakimlərə psixoloji təzyiq göstərir. Çempionatdan çıxacağıq, oynamayacağıq, ay elə olacaq, belə olacaq. Hakimlər onlardan çəkinməyə başlayır və oyunda verdikləri qərarların onları razı salacaq olması hiss olunur. Həmişə təmiz hakimlik istəmişəm. Qoy futbolçular ürəklə mübarizə aparsın, kim layiqdirsə, o da qazansın.

- Dediyiniz kimi, bu təzyiq bəhrəsini verirsə, bəlkə “Qarabağ” da bu addımı atsın?
- Biz bu addımı atmayacağıq. Bir dəfə səhv edib, “Simurq”la oyundan sonra hakimlikdən danışdıq. Bundan sonra özümüzə söz verdik ki, bir də hakimlikdən danışmayacağıq. Bütün diqqətimiz oyuna yönəldəcəyik. Bu çempionatda hər komandanın öz missiyası var. Elə komanda var ki, sərfəli nəticəyə, çempionluğa oynayır. Ancaq biz həm nəticə vermək, həm də Azərbaycanın gələcəyi üçün yığmada oynaya biləcək futbolçular yetişdirmək istəyirik. Buna görə də bizə xoşagəlməz söz-söhbətlər lazım deyil. Hesab edirəm ki, dünən uduzmadıq, göstərdiyimiz mübarizə ilə itirdiyimizdən çox şey qazandıq. Öz gücümüzə bələd olduq və oyundan sonra mən də futbolçularla layiqli çıxış haqda danışdım. “Xəzər-Lənkəran” kimi komandaya qarşı meydanda 8 sahə oyunçusu qaldığı halda, sonda iki qol vəziyyəti yaradırsan, qələbəyə oynayırsan, təslim olmursan. İnşallah, növbəti oyunlarda bu mübarizliyi bir az artırıb, nəticə vermək lazımdır.

- Oyunda hətta bir epizod, Rəşad Sadiqov meydandan qovulan zaman elə hirslənmişdiniz ki, meydanı qısa müddətə də olsa tərk etdiniz, sonradan sizi geri qaytardılar. Buna nə izah verərdiniz?
- Onda meydanı tərk etmək istəmirdim. Sadəcə, həmin epizoda hirslənib, ehtiyat oyunçular skamyasına tərəf getdim. Az sonra da oyun davam etdirildi. Mən heç vaxt meydanı tərk etmərəm. Axıra kimi mübarizəni aparacağam.

- Deyilənə görə, oyundan sonra elə üzülmüsünüz ki, hətta ağlamısınız?
- Yox, belə bir şey olmayıb.

- Qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətə qoyan Elnur Allahverdiyevlə Rəşad Sadiqovun hərəkətlərinə haqq qazandırısınızmı?
- Bu, yenə birbaşa hakimlik haqda danışmaq olacaq. Elnura haqq qazandırmıram, o, dünən böyük səhv etdi. Oyunun fasiləsində baş məşqçi, biz ona dəfələrlə dedik ki, sarı vərəqən var, bir az diqqətli ol. İkinci sarı vərəqə aldığı epizoddakı hərəkəti onun böyük səhvi idi. Elnur bizi azlıqda qoymamalı idi. Rəşadın epizodunda isə sarı vərəqə göstərilsəydi, böyük şey idi. Həmin epizodu xırdalamaq istəmirəm.

- Amma matçın baş hakimi Vüsal Əliyev saytımıza verdiyi müsahibədə qərarında haqlı olduğunu, həmin epizodda Sadiqovun rəqibə arxadan bilərəkdən zərbə vurmasının qaydalara görə birbaşa qırmızı olduğunu bildirib...
- Bəs elə isə İvan Pexanın futbolçumuz Rauf Əliyevi yıxdığı epizod nə idi? Pexa iki ayaqla Raufa sürüşmə fəndi edir, ancaq hakim ona heç nə demir. İki dəqiqə sonra Pexa Georgi Adamiyanı yıxır, Vüsal sonuncu ümid folu kimi ona sarı vərəqə verir. Rəşada qırmızı vərəqə göstərirsə, İvana ilk kobudluqda sarı vərəqə verərdi də. Elə olsaydı, bundan iki dəqiqə sonra ikinci sarını alıb, meydandan çıxarılacaqdı.

- Hesab edirsiniz ki, hakimin rəqibə simpatiyası var idi?
- Yenə deyirəm ki, hakimlik haqda danışmaq fikrim yoxdur. “Xəzər-Lənkəran”ın da qələbəsinə kölgə salmaq istəmirəm. Hər ikimiz hər iki oyunda layiqli mübarizə apardıq. Sadəcə, uğur “Xəzər-Lənkəran”ın tərəfində oldu, mərhələ adladılar, onlara uğurlar arzulayıram.
0