Azərbaycan milli komandasının üzvləri uşaq və qocalara hədiyyələr verdi - FOTOSESSİYA
22.03.2010 - 17:09
Azərbaycan milli komandasının üzvləri uşaq və qocalara hədiyyələr verdi - FOTOSESSİYA
Azərbaycan milli komandasının üzvləri Novruz bayramı münasibəti ilə bu gün uşaq və qocalar evinə baş çəkiblər. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ziyarətçilər arasında baş məşqçi Berti Foqtsla yanaşı, futbolçulardan kapitan Rəşad Sadıqov, Rail Məlikov, Elvin Məmmədov, Ruslan Abışov, Fərid Quliyev və AFFA-nın əməkdaşları olub.

Məktəb yaşlı ruhi-əsəb xəstəlikləri 22 saylı uşaq sanatoriyası, 9 saylı ruhi-əsəb, əlil və qocalar üçün internat evi, yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, 3 saylı internat evi və 2 saylı uşaq evində olan millinin üzvləri və AFFA-nın əməkdaşları Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, hədiyyələr veriblər.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev, millinin baş məşqçisi Berti Foqts və millinin üzvləri çıxış edərək uşaq və qocalar evlərinin sakinlərinə daim mənəvi dəstək olacaqlarını bildiriblər. AFFA-ya və milli komandanın üzvlərinə minnətdarlığını bildirən uşaqlar, qocalar və əlillər millimizə uğurlar arzulayıblar.

Qeyd edək ki, tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Qeyd: Fotolar AFFA-nın rəsmi saytından götürülüb.
0