Dünya kubokuna 32 namizəd: Erikssonu qovan atsteklər
07.05.2010 - 23:02
Dünya kubokuna 32 namizəd: Erikssonu qovan atsteklər
CAR-da keçiriləcək dünya çempionatının startına 34 gün qalıb. Apasport.az saytı yarış iştirakçılarının təqdimatını davam etdirir. Bu dəfə A qrupunun daha bir komandası Meksika yığması ilə tanış olacağıq.

Dosye
Federasiya: Federacion Mexicana de Futbol Asociacion (Meksika Futbol Federasiyaları Assosiasiyası)
Federasiya prezidenti: Custino Kompean
Yaranma tarixi: 1927
1929-cu ildən FİFA, 1961-ci ildən CONCACAF-ın üzvüdür.
Ləqəbi: Atsteklər, Üçrənglilər
Rəngləri: Yaşıl-ağ
Baş məşqçi: Xavyer Aqirre
Tarixinin ilk oyunu: Qvatemala 3:2 (1923-cü il)
Yığmada ən çox oyun keçirənlər: Klaudio Suares (178), Pavel Pardo (148), Xorxe Kampos (131)
Yığmada ən çox qol vuranlar: Xared Borxetti (46), Kuatemok Blanko (37), Karlos Ermosilyo (35)
Məşhur oyunçuları: Kabrahal, Klaudio Suares, Kuatemok Blanko, Pardo, Luna, Uqo Sançes, Borxetti, Aspe, Luis Qarsiya, Rafael Markes, Neqrete

Nailiyyətləri
Ardıcıl 5-ci dəfə dünya çempionatının final mərhələsində oynayacaq meksikalılar artıq 13 dəfə belə turnirdə çıxış edib. Bu müddətdə ciddi uğuru olmayan şimali amerikalıların ən yaxşı nəticəsi 1/4 final vəsiqə olub. Atsteklər buna iki dəfə - öz ölkələrində keçirilən 1970 və 1986-cı ilin mundiallarında nail olublar. Meksika futbolçuları qatıldıqları Amerika kubokunda iki dəfə gümüş medal qazana bilib - 1993, 2001. Onlar CONCACAF çempionatı sayılan “Gold Cup”da isə 8 dəfə qalib (1965, 1971, 1977, 1993, 1996, 1998, 2003, 2009), 2 dəfə (1967, 2007) finalçı olublar.

DÇ yolunda
Seçmə mərhələyə ikinci raunddan başlayan atsteklər zəif Beliz yığmasının daşını-daş üstə qoymayıb – 2:0, 7:0. Üçüncü mərhələdə Honduras (2:1, 0:1), Yamayka (3:0, 0:1) və Kanada (2:1, 2:2) yığmaları ilə eyni qrupda yer alan Sven-Qoran Erikssonun yetirmələri öz meydanlarında keçirdiyi ilk 3 oyunda qalib gəldi. Hamı onların növbəti mərhələyə yüksəldiyini düşünsə də, meksikalılar səfər matçlarında çətinliklə üzləşdi. Hondurası özlərindən irəli buraxan üçrənglilər yalnız qrup ikincisi kimi həlledici seçmə oyunlarına yüksəldi. ABŞ (0:2, 2:1), Kosta-Rika (2:0, 3:0), Honduras (1:3, 1:0), Salvador (1:2, 4:1), Trinidad və Tobaqo (2:1, 2:2) milliləri ilə 3 vəsiqə uğrunda mübarizə aparan Erikssonun komandası 4-cü olub Cənubi Amerikanın 5-ci komandası ilə oynamamağa çalışırdı. Lakin final qarşılaşmaları onlar üçün uğursuz başladı. İlk 4 oyunda 3 məğlubiyyət alan atsteklər CAR arzusunu kölgə altına saldı. Belə vəziyyətdə Erikssonu istefaya göndərən federasiya rəhbərliyi yığmanı Xavyer Aqirreyə tapşırdı. Bundan sonra toparlana bilən komanda ardıcıl 5 qələbə ilə mundiala vəsiqəni təmin edir. Trinidad və Tobaqo ilə “sülhlə” bitən görüş isə Aqirre və komandası üçün formal xarakter daşıyırdı.

Meksika yığması
Seçmə mərhələnin 2008-ci ilin iyununda verilən startı ərəfəsində Eriksson Meksika yığmasının baş məşqçisi təyin olundu. Belə qərardan çoxları başlarını itirmişdi. Heç kim inan bilmirdi ki, avropalı mütəxəssis Latın Amerikası yığmasına necə baş məşqçi təyin olunub. Zaman göstərdi ki, narahatçılıq əsassız deyilmiş. Ümumilikdə, 4 məğlubiyyət aldıqdan sonra şimali amerikalılar isveçli çalışdırıcıya qapını göstərmək məcburiyyətində idilər.

Adətən 4-5-1-ə güvənən, nadir hallarda 4-4-2 sxeminə keçən Erikssonu əvəzləyən Aqirre taktikanı da dəyişmək qərarına gəldi. Daha baxımlı 4-3-3 sxeminə üstünlük verən meksikalı mütəxəssis bunun sayəsində “Gold Cup”da qələbə sevinci yaşadı. Aqirrenin komandasında iki xətt demək olar ki, dəyişməz qalır. Yarımmüdafiədə Andres Quardado, İsrael Kastro və Herardo Torradodan ibarət “üçlük” yerini bir dəfəlik möhkəmlədib. Meksikalıların qapı xətti də etibarlı əllərdədir. Gilyermo Oçoa əfsanəvi Xorxe Kamposun layiqli xələfi olduğunu təsdiqləyib.

Aqirrenin hücum xətti ilə bağlı problemi olmasa da, seçim etməyin özü çətinlik yarada bilər. “Qalatasaray”dan yaxşı tanıdığımız Dos Santos, həmçinin vətənlərində çıxış edən Alberto Medina ilə Migel Saba atsteklərin əsas qol ümidləridir. İngiltərənin “Arsenal” klubunda çıxış edən gənc istedad Karlos Vela da təcrübəli komanda yoldaşları ilə rəqabət aparmaq gücündədir. Şimali amerikalı mütəxəssis müdafiə xəttində də kifayət qədər seçim imkanına malikdir. Düzdür, mərkəzdə “Barselona”da çıxış edən və “Qalatasaray”a transferi gündəmdə olan Rafael Markes və “Ştutqart”ın arxa xəttinin dirəyi Rikardo Osorionun yer alacağı şübhə doğurmur. Aqirre cinahlarda daha çox Xose Kastro və Karlos Salsidoya güvənir. Onlar müvafiq olaraq, sağda və solda qərarlaşırlar.

Baxımlı oyun nümayiş etdirən meksikalılar sürətli, hücum futbolu ilə seçilirlər. Cinah oyunçularının daha fəal olduğu komandanın 4-3-3 sxemini dəyişməsinə də təsadüf olunur. Onlar bəzən 1 hücumçu, üstəgəl 2 vinqerlə deyil, sırf 2 hücumçu ilə də oynayır.

Oyunlarının təqvimi
11.06.2010 CAR
17.06.2010 Fransa
22.06.2010 Uruqvay

Mundial iştirakçısı və biz
İndiyədək Azərbaycan və Meksika komandalarının yolları kəsişməyib. Heç bu ölkədən klublarımıza gələn məşqçi və oyunçulara da təsadüf olunmayıb. Bir sözlə meksikalıları yalnız televiziya vasitəsilə izləmişik.

Apasport.az-ın proqnozu: 1/8 final. Buna meydan sahiblərinin sensasiyaya imza atması mane ola bilər.

Vüqar XEYRULLAYEV
0