“Rapid” klubunun futbolçusu “Xəzər-Lənkəran”da!
16.06.2010 - 13:51
“Rapid” klubunun futbolçusu “Xəzər-Lənkəran”da!
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” klubunun düşərgəsinə baxışa daha iki legioner gəlib. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Ağasəlim Mircavadov məlumat verib.

Onun sözlərinə görə, rumıniyalı müdafiəçi ilə serbiyalı yarımmüdafiəçini sınaqdan keçirəcəklər: “Bunlar Adrian Yordaşe ilə Uroş Sindjiçdir. Rumıniyadan olan Yordaşe Buxarestin “Rapid”, serbiyalı Sinciç isə Belqradın OFK klubundan gəlib. Uroş dünən gəlib, məşqə də çıxdı. “Şaxtyor”la bu gün keçirəcəyimiz yoxlama oyununa hazırlaşır. İki-üç legioner də bu gün gələcək”.

1.87 metr boya malik hər iki legionerin karyerası daha çox vətənlərinə bağlıdır. 30 yaşlı Adrian Rumıniyada “Papid”ə qədər “Arceş”, “Otselul”, “Dinamo” kimi klublarda, Rusiyada “Şinnik”, Kiprdə “Alki”, AEL-də oynayıb. 24 yaşlı Uroş isə indiyədək vətənində “Mladost”, “Boraç”, “Sloboda”da forma geyinib.

Qeyd edək ki, “Xəzər-Lənkəran” Bakıda hazırlaşdığı müddətdə baxışa gələn yeganə legioner - gürcü müdafiəçi Davit İmedaşvilini Almaniyaya aparıb.
0