Könül Nurullayeva: Bax, idmana gəlişim belə alındı - MÜSAHİBƏ
29.12.2012 - 15:13
Könül Nurullayeva: Bax, idmana gəlişim belə alındı - MÜSAHİBƏ
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Nurullayevanın apasport.az saytına müsahibəsi

- Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini verdiyi vaxt diqqət mərkəzinə düşdünüz. Həmin vaxt Bakı-2020-nin icraçı-direktor oldunuz. Maraqlıdır, idman aləminə gəlişiniz necə baş tutub?
- Mən idmana gənclər sektorundan gəlmişəm. Düzdür, idman mənim profilim deyil. “Beynəlxalq münasibətlər”i bitirmişəm və dərəcəm bu sahə üzrədir. Vaxtılə gənclər sektorunda aktiv üzvlərdən biri olduğum üçün məni Milli Olimpiya Komitəsinə məsləhət gördülər. Həmin vaxtda isə MOK-a işçi lazım idi. Bax, mənim idmana gəlişim belə alındı. Zaman keçdikcə, pillə-pillə irəli getmişəm.

- Bildiyimizə görə, siz öncə MOK-da beynəlxalq şöbəyə gəlməmişdiniz...
- Öncə milli olimpiya komitələrarası nəşriyyat və informasiya şöbəsinə aparıcı məsləhətçi kimi gəlmişəm. 2,5 il sonra isə beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşam.

- Bu sahədə sizi irəliyə idmana olan maraq aparıb, yoxsa?
- Mən öz profilim üzrə də işləmişəm. Düzü, ürəyimcə olmayıb. İş maraqlı deyilsə - hansı sahə olursa-olsun fərq etmir – xasiyyət baxımından maddi, mənəvi və ya nəyinsə xatirinə orada qala bilmərəm. Öncə iş mənə maraqlı olmalıdır. Çünki həmin yerdə vaxtımı sərf edib, işimi apara bilim. Əgər maraqlı deyilsə, lazımı tapşırığı yerinə yetirmək mümkün olmur. İdman sahəsinə gəldikdən sonra isə bura maraq doğurduğu üçün işimə ürəklə bağlandım və maksimum səy göstərdim ki, işimdə hər şey yaxşı olsun. Rəhbərliyin də qərar verməsi bu prosesə böyük kömək edib.

- Bəs Bakı-2020-də icraçı-direktor təyin olmağınız necə alındı?
- Bu sualda özünü təqdim edə və ya tərifləyə bilmərəm. Amma iş prosesimdə keyfiyyət baxımından müəyyən uğursuzluq olsaydı, xətrimi istəyib və ya hər hansı başqa səbəblərdən elə məsuliyyəti işi rəva bilməzdilər. Mən deyil, yerimə başqası da olsaydı, bu, mümkün deyildi. Həmin vəzifə elədir ki, orada işləmək lazımdır. Nə qədər səni tanısalar da, başqa amillər rol oynasa da, sən işin getməsinə çalışmalısan. Əgər bu olmasa, oraya da bacarıqsız birini qoysunlar və iş getməsin, bu da mümkün deyil. Şəxsi maraqlar bir qırağa qalsın. Burada Azərbaycanın adı var və istər-istəməz hamı istəyir ki, bu işi bacarıqlı bir insan görsün. Yəni ətrafdakılar gördüklərimiz işin o qədər də keyfiyyətsiz alınmamasını hiss etdiklərindən bu, reallaşıb.

- İdmana marağınızın çox olduğunu dediniz. Bəs bu sahədə gözləmədiyiniz maraqlı hadisə ilə qarşılaşmısınız?
- Mən gənclər sahəsində aktiv olsam da, idmanla bu sahə bir nazirliyi təşkil edir. Düzdür, o dövrdə gənclər və idman naziri Əbülfəz Qarayev idi. Bu qurumun birgə xarici və yerli tədbirlərində iştirak edirdik. Maraqlı hadisələrə gəldikdə, çox olub. Dəfələrlə səfərlərə gedirik, beynəlxalq konfranslar və seminarlara qatılırıq. Burada mənim üçün ən maraqlısı müxtəlif xasiyyətli insanlarla tanış olmaqdır. Həmçinin, yeni layihələrlə bağlı görüşlərin keçirilməsi, onların Azərbaycana gətirilməsi, tətbiqi də özlüyündə maraqlı hadisələrdir.

- İdmanla məşğul olmusunuz?
- 8 ilə yaxın üzgüçülüyə getmişəm. Əsl peşəkar kimi üzməyi bacarıram. Bu da hansısa yarışa qatılmaq baxımından deyil, sırf özümə maraqlı gəldiyi üçün məşğul olmuşam. Həmçinin, stolüstü tennisə də getmişəm və bu idman növündə yerli turnirlər, universitetlərarası yarışlara qatılmışam. Hətta bütün dəst medallar qazanmışam. Yəni idmana tamamilə yad insan deyiləm. Bu sahəyə həmişə marağım olub.

- 2012-ci ilin idman hadisəsini kimi hansını qeyd edə bilərsiniz?
- Bu, 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycana verilməsidir. Çox böyük tarixi hadisədir və bundan böyük, maraqlı nə ola bilər ki? Bu prosesin həyata keçməsi, bizim bunun üçün çalışmağımız hamısı idman hadisəsinin tərkib hissəsidir.

- İdmana gələn xanım kimi, idmançılarla ünsiyyət baxımından nə deyə bilərsiz? Çünki idmançıların əksəriyyəti kobudluqları ilə diqqət mərkəzinə düşürlər...
- İdmançıdan-idmançıya, xanımdan-xanıma da fərq var. Məncə, bu, insanı keyfiyyətlərlə bağlıdır. Yəni idmançıların hamısı kobuddur və ya xanımların hamısı mülayimdir, belə yanaşma düzgün deyil. Xanımların arasında da kobudları, mülayimləri xar. Bu idmançı və ya digər cinsin nümayəndələrinə də aiddir. Mən idmançıya necə münasibət göstərirəmsə, onunda qarşılığını görürəm. Bunun üçün də heç vaxt sırf özümə qarşı onların kobudluğuna rast gəlməmişəm. Digər qadın işçilərimizə qarşı da hansısa kobudluq barədə eşitməmişəm. Həm də sözün düzü, Azərbaycanda belə idmançı yoxdur. Bunu ölkə xaricində - yarışlarda, toplantılarda da də hiss edirsən.

- Yeni ildə Azərbaycan idmanı üçün hansı uğuru gözləyirsiz?
- Arzu edərdim yeni ildə 2012-dəki uğurlarımız 2 qat olsun. Bu ilin cənab prezident İlham Əliyev tərəfindən “İdman ili” elan edilməsi həqiqətən sübuta yetirdi ki, tarixin yaddaşına köçəcək il bizim üçün “İdman ili” oldu. Bu il ərzində əldə etdiyimiz uğurlar, nailiyyətlər Azərbaycan tarixində idman üçün hələlik ən maksimum göstəricimiz idi. İnşallah, növbəti ildə ümid edirəm ki, bundan da böyük uğurumuz olacaq. Layihələr, seminarlar keçiriləcək. Müəyyən danışıqlar gedir, amma bunlar həllini tapdıqdan sonra ictimaiyyətə təqdim edirik. Hazırda növbəti 2 ildə çox böyük işlərimiz də var. Bu illərdə Avropa Oyunları üçün hazırlığın dəyəri çox böyükdür. 2017-ci ildə İslam Ölkələrinin Oyunlarının Azərbaycanda keçirilməsi iddiamızı da irəli sürmüşük. Bunun üçün son qərar də 2013-cü ilin iyun-iyul aylarında veriləcək. Təbii ki, İslamiadanı da keçirsək, bu, Azərbaycan üçün tarixi uğur olacaq. Çünki miqyasına görə Avropa Oyunlarından da böyükdür. Qitə yarışına 49 ölkə qatılacağı halda, İslam Oyunlarında 57 ölkə mübarizə aparacaq.

- Siz Avropa Oyunlarına ev sahibliyi hüququ verilərkən də Azərbaycan nümayəndə heyətinin tərkibində idiz. Düzdür, hələ bu yarışla bağlı Təşkilat Komitəsi fəaliyyət göstərmir və yaxın günlərdə prezidentin sərəncamı ilə yaradılacaq. Hazırda həmin yarışla bağlı hansısa yenilik varmı?
- Hazırda müxtəlif idman növləri üzrə Avropa federasiyaları ilə danışıqlar gedir. Yaxın günlərdə, daha dəqiqi yanvarın sonuna kimi bu proses tamamlanmalıdır. Həmin vaxt idman növlərinin də hansılar olacağı dəqiq bilinəcək. Çünki dəqiqləşən 13 idman növündən başqa danışıqlar gedən federasiyaların yekun qərarı sonradan dəyişdirilə də bilər.

- Buraya atletika növünü də daxil etmək olarmı?
- Onlarla da danışıqlar gedir. Federasiya Avropa Oyunlarından iştirak etməməklə bağlı son qərar verməyib. Sadəcə, atletika ilə bağlı möhtəşəm çempionatların keçirilməsi tək illərə təsadüf edir və bu səbəbdən Avropa və dünya atletika federasiyalarında müəyyən narazılıq var. Bunun üçün də Avropa Oyunlarına bir az tərəddüdlə yanaşırlar. Çünki Bakıdakı yarış iyuna planlaşdırıldığı halda, onların yarışı iyula təsadüf edəcək. Ay baxımından fərqi var və ola bilsin ki, bu çətinliklər yaratsın. Hələlik danışıqlar uzanır və onlar da necə dəyişiklər etmələri baxımından proqrama baxırlar. Proses hələ davam edir. Amma deyə bilərəm ki, əksər idman növləri üzrə federasiyalar çox böyük maraq göstərirlər. Bəziləri arasında rəqabət belə var.
0