Yığmamızın baş məşqçisi: Sevib-sevilmək yaxşı şeydi, amma...
19.02.2014 - 10:30
Yığmamızın baş məşqçisi: Sevib-sevilmək yaxşı şeydi, amma...

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Zlatan Vanev həmyerlilərinin ölkəmizdən ayrılmasına növbəti dəfə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı bolqarıstanlı mütəxəssis London Olimpiadasından sonra Azərbaycanı tərk edən Veliçko Çolakov, İvan Stoitsov və Laçezar Kişkilovla bağlı fikirlərini açıqlayıb.

 

O Bolqarıstan mətbuatına bildirib ki, Kişkilov yetirməsi Boyanka Kostova ilə birgə millimizə gələn zaman medalları sıralayacağını desə də, bu, heç də belə olmayıb: “Kişkilovla Kostova 2011-ci ildə Azərbaycana gəldi. Boyanka şübhəsiz ki, böyük istedaddır. Lakin hələ özünü böyüklərin mübarizəsində sübut edə bilməyib. Kişkilov gələn kimi sanki əlinə böyük səbət alıb, yetirməsinin onu medallarla dolduracağını iddia edirdi. Mən isə rəhbərliyə yetirməm Valentin Xristovun hələ gənc olduğunu, onun uğur qazanması üçün var qüvvəmlə çalışacağımı demişdim. Sonda Valentin Olimpiya medalı da qazana bildi. Boyankanı 2011-ci il dünya çempionatına Kişkilov hazırlamışdı. O, orada 8-ci, Olimpiadada 5-ci oldu. Kişkilov hesab edir ki, yetirməsinin uğursuzluğunda mən günahkaram. Mən isə ümumi komandaya cavabdehəm”.

 

Vanev yığmamızdan gedən və artıq karyeralarını bitirən Stoitsov və Çolakovla bağlı məsələlərə də aydınlıq gətirib: “Onlar Olimpiadaya 1 il qalanadək mənim rəhbərliyim altında çalışırdı. Hiss edirdim ki, Stoitsov və Çolakovdan fərqli, Xristov məşqdən-məşqə daha ağır çəkilər qaldırmağı bacarır. Bir gün hər 3 idmançının hazırlıqlarda göstərdiyi nəticələri mütəxəssis və jurnalistlərə təqdim də edə bilərəm. Onda onların hər birinin necə hazırlaşdığı aydın olacaq. Belədə Stoitsovla Çolakovun gücü də üzə çıxacaq. Dəfələrlə onlara xəbərdarlıq da etmişdim ki, tapşırıqları layiqincə yerinə yetirmirsiz. Lakin onlar mənə əhəmiyyət vermirdilər”.

 

Baş məşqçimizin sözlərinə görə, Stoitsovun Kostova ilə sevgi macəraları da lazımınca hazırlaşmalarına mane olub: “İvan ümumiyyətlə rejimə də əməl etmirdi. O, həm də Boyankanı sevirdi. Sevib-sevilmək yaxşı şeydir, amma böyük idmanda bəzən maneçilik törədir. Stoitsov bir gün məşq edib, 5 gün dincəlirdi. Nəticədə də əzələsini dartıb, Olimpiadada çıxış edə bilmədi. Mən onun böyük idmançı ola bilməyəcəyini görürdüm. Sonra Boyanka ilə İvan arasında sevgi daha da gücləndi. Kostova mənə zəng edib, Bolqarıstana qayıtmaq istədiyini dedi. Əgər Bolqarıstan millisinə qayıdırdısa, İvan niyə qayıtmayıb, karyerasını bitirdi? Azərbaycanı təmsil etsə də, Olimpiada zamanı heç mənim üzümə də baxmırdı. Sonra federasiyamızdan dedilər ki, dizində ağrılar olduğundan Londonda podiuma çıxa bilməyəcək”.

 

Vanev müsahibəsinin sonunda həmyerliləri barədə başqa nəsə deməyəcəyini və hər şeyi zamanın ixtiyarına buraxdığını vurğulayıb: “Mən nə Stoitsov, nə Çolakov, nə də Kişkilov deyiləm ki, onları təhqir edəcək açıqlamalar verim. Hər şey arxada qalıb. Zaman kimin haqlı olduğunu göstərəcək”.

 

Qeyd edək ki, London-2012-dən sonra Boyanka Kostova da Azərbaycandan ayrılmasına baxmayaraq, az öncə fikrini dəyişib geri dönüb. 

0