Gürcü futbolçu rəqibini ölümdən qurtardı – VİDEO
01.04.2014 - 01:25
Gürcü futbolçu rəqibini ölümdən qurtardı – VİDEO

 

 

Futbol üzrə Ukrayna çempionatında az qala faciəyə səbəb ola biləcək olay yaşanıb. Apasport.az saytının məlumatına görə, “Dnepr” klubunun futbolçusu Caba Kankava Kiyev “Dinamo”suna qarşı oyunda kiyevlilərin kapitanı Oleq Qusevə ilk yardım göstərərək, rəqibini ölümdən qurtarıb.

 

Oyunun 22-ci dəqiqəsində Qusev “Dnepr”in qapıçısı Denis Boyko ilə toqquşub. Boyko topu tutmaq üçün irəli çıxanda dizini qabağa verib və Qusevin çənəsinə dəyib. Bundan dərhal sonra Ukrayna millisinin oyunçusu huşunu itirib və yerə yıxılıb. Yaxınlıqda olan Kankava dərhal rəqibinə tərəf cumub və əli ilə onun ağzını açaraq, dilinin qatlanmasının qarşısını alıb. Bu zaman huşu özündə olmayan Qusev Kankavanın əlini də möhkəm dişləyib.

 

Həkimlər kiyevlilərin kapitanında birinci dərəcəli beyin silkələnməsi, çənənin və bir neçə dişin zədələnməsini müəyyən ediblər.

 

“Boris” tibb klinikasının rəhbəri Boris Radutski bildirib ki, hazırda futbolçunun vəziyyəti normaldır: “Onu deyə bilərəm ki, “Dnepr”in oyunçusu Oleq Qusevin həyatını xilas edib. Onun bir qədər gecikməsinin hansı nəticələrə səbəb ola biləcəyini söyləmək istəmirəm. Kankava hər şeyi yüksək səviyyəli həkim kimi edib”.

 

28 yaşlı gürcü futbolçu Caba Kankava yarımmüdafiəçi mövqeyində oynayır.  

 

 

0