Rəşad Sadiqov: Hələ qarşıda cavab oyunu var - MÜSAHİBƏ
16.04.2014 - 23:01
Rəşad Sadiqov: Hələ qarşıda cavab oyunu var - MÜSAHİBƏ

 

Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda bu gün “Rəvan”la qarşılaşan “Neftçi” son saniyələrdə qələbəni əldən verdi. Oyundan sonra üzgün olan son çempionun kapitanı Rəşad Sadiqov apasport.az saytının suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikrinizi bilmək maraqlı olardı...

 

- Oyun gərgin alındı. Hesab 1:1 olsa da, komandamız pis çıxış etmədi. Son saniyələrdə rəqib hesabı bərabərləşdirdi. Bu bizim üçün çox pis nəticə oldu. Amma cavab qarşılaşması da var. Finala adlayacağımıza inanırıq.

 

- Oyunun əvvəlində istifadə edə bilmədiyiniz bir neçə qol şansınız oldu. Əvəzində, “vurmayana vurarlar” prinsipi işə düşdü...

 

-  Düzdür, qaçırdığımız imkanlar oldu. Ancaq hər epizodu qola çevirmək mümkün deyil. Sadəcə, istifadə edə bilsəydik, yaxşı olardı. Onda hesab fərqli olacaqdı. Amma cəmi birindən istifadə etdik. Sonda isə onların fərqlənməsinə mane ola bilmədik. Rəqib cəmi bir şansı oldu. Başqa epizod yarada bilmədilər.

 

- Turu keçəcəyinizə inandığınızı dediniz. Amma “Rəvan”ın “Bakı”nı yarışdan kənarlaşdırdığını da unutmayaq. Bu sizin üçün bir dərs ola bilərmi?

 

- Başa düşürəm, pis durumdayıq. Ancaq vəziyyəti düzəltməyə çalışacağıq. Yaxşı ki, cavab oyunumuz var. Vəziyyəti xeyrimizə dəyişmək imkanımız qalır.

 

- Rəqibin əks-hücumlarda çıxış edəcəyi məlum idi. “Neftçi” bunun qarşısını almağa hazır deyildi?

 

- Hazır idik. Onlar əks-hücumda oynadılar. Bununla belə, elə də çox şansları olmadı. Yalnız son saniyələrdə bu imkanı yaxaladılar və istifadə etdilər.

 

- Qoldan sonra gərgin anlar yaşandı. Orada nə baş vermişdi?

 

- Futbolçular bir-birinə qışqırırdı. Bu da hər qol buraxılan zaman baş verir.

 

- Ardıcıl iki oyundur ki, qələbə qazana bilmirsiniz...

 

- Yenə deyirəm, cavab oyunu var. Bu qarşılaşma bütün suallara aydınlıq gətirəcək.

 

- Yarımfinalın digər oyunu haqda nə deyə bilərsiniz?

 

- Oyuna baxmadıq, amma nəticədən xəbərimiz var. “Qəbələ”nin 3:0 hesabı ilə qələbə qazandığını bilirik. Onların bu üstünlüyü cavab oyununda əldən verəcəyinə inanmıram. 

0