[b]“Rabitə” çempion? [/b]
17.04.2014 - 13:56
[b]“Rabitə” çempion? [/b]

Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsi çərçivəsində üçüncü oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq qarşılaşmalarla ölkə çempionatının mükafatçılarının tam siyahısı müəyyənləşə bilər.

 

Belə ki, 3 qələbəyədək davam edən həlledici mərhələnin hər 2 cütündə tərəflərdən biri mükafatlara çox yaxındır. Qızıl uğrunda mübarizədə “Rabitə” “Azəryol”a, bürünc savaşında isə “İqtisadçı” “Azərreyl”ə artıq 2 dəfə qalib gəlib. Bu isə o deməkdir ki, “Rabitə” və “İqtisadçı” üçün mövsümü başa vurmağa cəmi 1 qələbə kifayətdir.

 

Günə “İqtisadçı” – “Azərreyl” görüşü ilə start veriləcək. Universitet komandasının üstünlüyü əldən verəcəyi inandırıcı deyil. Çünki Bülənt Karslıoğlunun yetirmələri ən pis halda, ötən ilki gümüş medalı bu dəfə 3-cü yerə dəyişməyi hədəfləyiblər. Əks halda, bu komanda üçün fiasko sayılacaq.

 

“Azərreyl” isə qalib gələrsə, cütün taleyinin həll olunmasını ən azı dördüncü matça daşıyacaq. Tarixində heç bir titula sahib olmayan “dəmiryolçular” bununla əlavə ruh yüksəkliyi də qazana bilərlər.

 

Çempionluq yarışında isə “Rabitə” “Azəryol”a gücünü bir daha göstərməlidir. Son illərin dəyişməz ölkə çempionu məğlub olacağı halda, işini çətinə sala bilər. Çünki dördüncü matçda psixoloji amil də rol oynayacaq.

 

Düzdür, “Azəryol” da məğlub olmamağa çalışacaq. Onlar əsas mərhələdəki ssenarinin təkrarlanacağına da bel bağlayırlar. Belə ki, ilk 2 dövrədə “Rabitə”yə uduzan Ancelo Vercesinin yetirmələri üçüncü oyunda bu məğlubiyyətlərdən birinin əvəzini çıxmışdılar. Bu dəfə eyni uğur üçün çalışacaq komanda bunu bacararsa, hətta tərəflər arasında hesabın bərabərləşəcəyi və qalibin beşinci görüşdə müəyyənləşəcəyi də istisna olunmur.

 

Amma bütün bunlara baxmayaraq, artıq Azərbaycan Voleybol Federasiyası sabah medalları və kuboku Voleybol Mərkəzinə gətirəcək.  

 

 

Final mərhələsi, 18 aprel

Üçüncü oyun

 

III yer uğrunda

16:00. “İqtisadçı” – “Azərreyl”

İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1  (20:25; 25:15; 26:24; 25:23)

İkinci oyun: “Azərreyl” - “İqtisadçı” - 0:3  (25:27; 20:25; 24:26)

 

Final

18:00. “Azəryol” – “Rabitə”

İlk oyun: “Azəryol” – “Rabitə” - 1:3  (28:26; 20:25; 21:25; 19:25)

İkinci oyun: “Rabitə” - “Azəryol” - 3:1  (25:16; 20:25, 25:16, 25:19)

0