Elvin Yunuszadə: Ola bilsin üçüncü pilləni də itirdik - MÜSAHİBƏ
20.04.2014 - 23:00
Elvin Yunuszadə: Ola bilsin üçüncü pilləni də itirdik - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XXXI turu çərçivəsində öz meydanında autsayder “Sumqayıt”a uduzan “Neftçi” klubunun müdafiəçisi Elvin Yunuszadə apasport.az saytının əməkdaşı ilə söhbətində 1:3 hesablı sensasion məğlubiyyətə aydınlıq gətirməyə çalışıb.

- Öncə rəqibi qələbə münasibətilə  təbrik edirəm. “Sumqayıt” yaxşı oynadı. Əvəzində biz çox zəif çıxış etdik, öz səhvlərimizdən qollar buraxdıq. Nə deyim? Futbolda belə məqamlar da olur.

- Bu oyuna qədər turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda ilə dueldə 3 top buraxmaq nə dərəcədə gözlənilən idi?
- Heç bir komanda bundan sığortalanmayıb. Vacib odur ki, bundan nəticə çıxaraq, gələcək oyunlarda bu cür səhvlərə yol verməyək. Əlbəttə, uduzmaq yox, qələbə qazanmaq istəyirdik.

- 90 dəqiqə ərzində komandanızda bu istəyi görmədik. Sanki futbolçular meydana zorla çıxmışdılar...
- Nə deyim? Oyunumuz alınmadı. Bu məğlubiyyətdən dərs çıxaracağıq. Qarşıda bizi ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşü gözləyir. “Rəvan”la qarşılaşmaya daha ciddi hazırlaşmalıyıq.

- “İnter”in “Bakı”nı 4:0 hesabı ilə məğlub etməsinin oyununuza hansısa təsiri oldumu? Bəlkə artıq ikinci pillənin də əldən çıxdığını düşünürsünüz...
- Qətiyyən. Hələ qarşıda 5 tur var, dəyişikliklər mümkündür. İkinci pilləyə yüksələ bilərik. Hətta ola bilsin üçüncü pilləni də itirdik. Hazırda ikinci pillədəki “İnter”dən 3 xal geri qalırıq. Bu da böyük fərq deyil.  

- Həftəiçi “Rəvan”la oynamağınız bugünkü matçınıza nə dərəcədə təsir etdi?
- Məncə, müsbət mənada təsir edəcək. Bu məğlubiyyət bizi ayıldacaq. Aydın oldu ki, oynamaq, mübarizə aparmaq lazımdır. Bir qələbə qazansaq, “İnter”lə xallarımız bərabərləşəcək. Düzdür, kuboku qazanmaq haqda çox düşünürük. Ancaq çempionatdan da əlimizi üzməmişik.

- Oyundan sonra azarkeşlər komandanın üzvlərini fitə basaraq, narazılığını bildirdi...
- Bilirəm. İnşallah, ölkə kubokunu qazanıb, onları sevindirəcəyik.

 

0