[b]Draqan Çeran PFL-ə irad tutdu: Ayıb olsun![/b]
23.04.2014 - 16:03
[b]Draqan Çeran PFL-ə irad tutdu: Ayıb olsun![/b]

“Qarabağ”a vurduğum qolun ləğv olunmasından xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına “Simurq”un serbiyalı hücumçusu Draqan Çeran deyib.

 

Topaz Premyer Liqasının XXXI turunun “Simurq” – “Qarabağ” matçında ev sahibi komandanın qolunun müəllifi kimi Draqan Çeranın adı qeyd olunmuşdu. Lakin Peşəkar Futbol Liqası rəsmiləri oyunun videoyazısına təkrar baxdıqdan sonra qolun “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov tərəfindən öz qapısına vurduğu aşkarlanıb. Bu üzdən oyunun protokolunda müvafiq dəyişiklik edilmişdi.

 

Çeran isə əməkdaşımızla söhbətində bununla razılaşmayıb: “Bu qolu mənim aktivimdən niyə çıxartmalıdırlar ki? Topa ilk toxunan mən olmuşam. Rəqib müdafiəçiyə isə çox cüzi toxunuş var idi. Bəyəm hər kiçik toxunuşa görə qolu müəllifin hesabından silirlər? Ayıb olsun! Belə çıxır ki, Azərbaycanda heç kim qaydaları bilmir. Amma üzülmürəm. Əsas odur ki, biz həmin oyunda qalib gəldik”.

 

Qeyd edək ki, Draqan Çeranın qolunun silinməsi ilə “Qəbələ”dəki həmyerlisi Daniyel Subotiçdən 1 top geriyə düşmüş oldu. İndi Çeranın aktivində 10 qol var.

 

Səbuhi TOFİQOĞLU

 

0