Şəhriyar Məmmədyarov: Bu, bütün şahmat dünyasına töhfə oldu
01.05.2014 - 09:16
Şəhriyar Məmmədyarov: Bu, bütün şahmat dünyasına töhfə oldu

“Partiyanın əvvəlində rəqibi təəccübləndirdim. Bu gedişi o gözləmirdi”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov deyib.

 

“Shamkir Chess-2014” turnirinin son turunda Sergey Karyakinlə heç-heçə oynayan həmyerlimiz təəssüratlarını jurnalistlərlə bölüşüb. O yarışın rəsmi saytına bildirib ki, bərabər oyun olduğu üçün çox risk etməyə ehtiyac duymayıb: “Belədə yarışın son turunu heç-heçəylə başa vurdum. Sözsüz ki, çıxışımdan razı qalmadım. Aqressiv oynayırdım. Bəzən lazımsız risk edirdim. Qələbə qazanmaq istəyirdim, amma məğlub olurdum. Buradakı çıxışım mənə dərs oldu”.

 

Məmmədyarov Şəmkirdə keçirilən turnirdə yaxşı formada olamadığını da etiraf edib: “Etiraf edirəm ki, yaxşı formada deyiləm. Təşkilatçılara və xüsusilə jurnalistlərə təşəkkür edirəm. İlk gündən bütün media turniri yaxından izləyir. Səmimi etiraf edim ki, dostum və komanda yoldaşım Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdə çıxış etmək çox çətin idi. Risk etməyimə səbəb Vüqara həsr olunan turniri qazanmaq istəyim idi. Vüqar bizi tərk etdi. Amma Azərbaycan şahmatçılarına daim arzuladıqları böyük turniri bəxş etdi. “Shamkir Chess-2014” bütün şahmat dünyasına töhfə oldu. “Synergy Group”a çox sağ ol deyirəm. Yüksək təşkilatçılığı müqayisə etsək turnirin dünyada analoqu yoxdur. Heç bir yarışda şahmatçılara belə yüksək diqqət göstərilməyib. Şahmat turnirlərinə görə biz Veyk-An-Ze şəhərini tanıyırıq. İndi Şəmkiri də bütün şahmat aləmi tanıyır”.

 

Turniri sonuncu pillədə başa vuran təcrübəli qrossmeyster sonda təşkilatçılara xahiş də ünvanlayıb: “Onlardan “Shamkir Chess-2014” turnirini hər il keçirməklə ənənəvi yarış etməsini xahiş edərdim. Çünki, bu turnir Azərbaycanın böyük oğlu, hamımızın çox sevdiyi Vüqar Həşimova həsr olunub. Ümid edirəm ki, növbəti illərdə Azərbaycan şahmatçıları turnirin qalibi olacaq”.

 

Qeyd edək ki, “Shamkir Chess-2014” qalibi norveçli dünya çempionu Maqnus Karlsen olub. 

0