Yubiley iştirakçıları: Narıncılar
05.05.2014 - 13:35
Yubiley iştirakçıları: Narıncılar

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 38 gün qalıb. Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarını oxucularına təqdim edən apasport.az saytı B qrupunun iddialı komandalarından Hollandiyanı daha yaxından tanımaq imkanı yaradır.

 

Son mundialın finalında İspaniyaya uduzan “narıncılar” bu dəfə pireneylilərlə eyni qrupda yer alıb. Çili və Avstraliya da iki nəhənglə mübarizə aparacaq.

 

2010-cu ildə olduğu kimi, 1974 və 1978-ci illərdə də gümüş medallara yiyələn Hollandiya yığması 3 qat vitse-çempiondur. Millinin məşqçilər korpusunda isə tanınmış simalar bir araya gəlib. Məşhur Luis van Qal baş məşqçisi olduğu komandada Danni Blind və Patrik Kluyvertin köməkçiliyinə güvənir. Aryen Robbenin kapitanı olduğu komanda həmişəki kimi yenə seçmə mərhələni asanlıqla keçib. Avropada mundiala vəsiqəni hamıdan əvvəl təmin edən “narıncılar” mərhələni 9 qələbə və 1 heç-heçə ilə başa vurub. Hollandiyalılar top fərqində də yüksək nəticə göstərib – 34:5.

 

Həmişə hücum xətti ilə öyünən total futbolun yaradıcıları yenə ön xətdə çox güclüdür. Milli tarixinin ən məhsuldar oyunçusu olan Robin van Persi də buna nümunədir. Ondan başqa Robben, Cermeyn Lens, Klaas Yan Huntelaar kimi qolçuluq bacarığına malik futbolçuları qeyd etmək olar. 10 seçmə matçında 34 qolun vurulması da bunu göstərir.

 

Lakin müdafiə xəttinin təcrübəsizliyi Hollandiya yığmasına çətinlik yarada bilər. Seçmə mərhələdə 5 qol buraxmasına baxmayaraq, müdafiəçilərin az qala hamısı U-21-dən gələn gənclərdir. Üstəlik, van Qalın yığma karyerası uğursuz alınıb. Mütəxəssis komandasını DÇ-2002-nin final mərhələsinə çıxara bilməyib. Yığmanın aparıcı üzvləri Uesli Sneyder və van der Vaart da artıq Avropanın nəhəng klublarının şərəfini qorumur.

 

Hollandiyalıların heyətinə gəlincə isə qapıda Mişel Vorma etimad göstərilir. Qolkiper Martin Stekelenburq, Yassler Sillensen və Tim Krul kimi həmkarlarını kölgədə qoyub. Arxa xərə Deyli Blind və Yanmaat cinahlarda, de Vrey və İndi mərkəzdə möhkəmlənib. Lakin pnları əvəzləmək üçün müdafiənin solunda Villems, sağında Qreqori van der Vil, mərkəzində Vlaar və Bruma da yer ala bilər. Orta sahədə Sneyderlə van der Vaart çıxış etsə də, onların əvəzediciləri də az deyil. Sxaars, de Quzman və Fer bu mövqedə oynamağı bacaran futbolçulardır. Dayaq yarımmüdafiəçisi Kevin Strotman da artıq əsas heyət oyunçusuna çevrilib. Cinahlardan Lens və Robbenin dəstək verdiyi hücumda isə van Persi və Huntelaarla yanaşı, Lük de Yonq da var.

 

Qeyd edək ki, Hollandiya yığması oyunun 13-də İspaniya, 18-də Avstraliya, 23-də Çili ilə qarşılaşacaq.

 

0