Yubiley iştirakçıları: 60 illik həsrət yaşayanlar
16.05.2014 - 23:01
Yubiley iştirakçıları: 60 illik həsrət yaşayanlar

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 26 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını E qrupunda mübarizə aparacaq İsveçrə millisi ilə tanış edir. Braziliyadakı mundialda isveçrəlilər Fransa, Ekvador və Hondurasla mübarizə aparacaq.

 

“Qırmızılar” indiyədək 3 dəfə dünya çempionatının 1/4 finalına yüksələ bilib. 1934, 1938 və 1954-cü ildə əldə olunan nəticələr yığmanın tarixində ən yüksək göstəricidir. Lakin son belə uğurdan artıq 60 il ötüb. Son mundialda isə isveçrəlilər 4 xalla qrup 3-cüsü olmuşdu.

 

Tanınmış mütəxəssis Ottmar Hitsfeldin yetirmələri seçmə mərhələdə ciddi çətinliklə üzləşmədən Braziliyaya vəsiqə qazandı. Bunda püşkatma zamanı bəxtin “qırmızılar”ın üzünə gülməsi də az rol oynamayıb. Kifayət qədər zəif qrupda yer alan məğlub olmada qrup birincisi oldular.

 

İsveçrə futbolu hazırda çiçəklənmə dövrünü yaşayır. Bunun da əsas təkanverici qüvvəsi “Bazel”dir. Son illər avrokuboklarda uğurla çıxış edən klub ölkə futboluna yeni adlar bəxş etməklə də də diqqət çəkir. Baş məşqçi Hitsfeld haqda isə geniş danışmağa ehtiyac yoxdur. 2 dəfə Çempionlar Liqasını qazanan mütəxəssis mundialda da komandasını uğurlara daşıyacaq. “Qırmızılar”ın cinah müdafiəçiləri Rodrigeslə Lixtştayner isə bu mövqedə ən yaxşılardan sayılır.

 

“Qırmızılar”la qrupun favoriti sayılan Fransa millisinin oxşar cəhətləri yetərincədir. Hər iki komanda nəsildəyişmə prosesini arxada qoyub. İsveçrə yığması nə qədər perspektivli olsa da, rəqibin ulduzları daha çoxdur. Məsələn “qırmızılar” Aleksandr Fraydan sonra hələ də layiqli hücumçu taa bilmir. Mərkəzi avropalıların heyətində Rikardo Rodriges və Stafan Lixtştayner daha bir ulduz Cerdan Şakirini də qeyd etmək olar.

 

“Bazel”in qapıçısı Yan Zommerin böyük istedadına baxmayaraq, isveçrəlilərin əsas qolkiperi Dieqo Benalyodur. Müdafiənin mərkəzində Şer və Fon Bergen daha şanslı görünsə də, Senderos cə Curu də bu mövqedə oynamağa iddialıdır. “Napoli”nin dayaq yarımmüdafiəçiləri Behrami ilə kapitan İnlər kifayət qədər təcrübəyə malikdir. Onları Cemaili də əvəz edə bilər.

Böyük ehtimalla hücumda Seferoviç yer alacaq. Lakin onun Qavranoviç, Derdiyok, Drmiç kimi ön xətt futbolçuları ilə əvəzlənməsi də istisna deyil. Hücuma mərkəzdən Caka, cinahlardan Şakiri ilə Ştoker dəstək verir. Lakin Hitsfeldin sərəncamında Kasami, Barnetta, Tsuber, Mehmedi kimi hücumameylli futbolçular da az deyil.

Qeyd edək ki, İsveçrə millisi iyunun 15-də Ekvador, 20-də Fransa, 25-də Hondurasla qarşılaşacaq.

 

0