Yubiley iştirakçıları: Uçmaq istəyən “qartallar”
22.05.2014 - 11:54
Yubiley iştirakçıları: Uçmaq istəyən “qartallar”

İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 21 gün qalıb. Yubiley – XX mundialın iştirakçılarını təqdim edən apasport.az saytı oxucularını F qrupunda mübarizə aparacaq Nigeriya ilə tanış edir. Afrika təmsilçisi qrupda Argentina, İran və Bosniya və Hersoqovina ilə görüşəcək.

 

“Super qartallar” üçün mundialda ən böyük nəticə qrup mərhələsini adlamaqdır. 1994 və 1998-ci illərdə ardıcıl 2 dəfə bunu bacaran komanda məhz göstərdiyi oyunla ikinci ləqəbini qazanmışdı. “Afrika braziliyalıları” adına layiq görülən Nigeriya sonrakı turnirlərdə uğura həsrətdir. 4 il əvvəl doğma qitədə - CAR-da cəmi 1 xal toplayan yığma qrup sonuncusu olmuşdu.

 

Yerli məşqçi Stiven Keşinin yetirmələri seçmə mərhələdə ciddi çətinliklə üzləşməyib. Qrupu məğlubiyyətsiz başa vuran “Superqartallar” 5 xallıq fərqlə 1-ci olub. Pley-offda Həbəşistan üzərində 2 qələbə qazandı – 2:1 və 2:0.

 

Nigeriyalılar “Qara qitə”nin ən güclülərindən sayılır. 2014-cü ildə qitə kubokunu qazanmaları da bunu təsdiq edir. Komandanın güclü hücum xətti var. Qapıda isə Fransa liqasının ən etibarlı qolkiperi adına iddia edən Enyeama dayanır.

 

Afrikanın ən yaxşısı olmasına baxmayaraq, Konfederasiyalar kubokunda daha ciddi rəqiblərlə qarşılaşmalarda uğursuzluq qeydə alındı. Müdafiə xətti Keşini çox narahat edir. Hər halda burada Avropa səviyyəli bor oyunçu da yoxdur.

 

Nigeriyanın ən böyük ulduzlarından Enyeama “Lill”də, Obi Mikel “Çelsi”də, Emünike isə “Fənərbaxça”da çıxış edir. Komandanın qapıçısı Enyeamaya böyük ümidlər bəslənilir. Onun qarşısında mərkəz müdafiəçiləri Oboabona və Ambrouz qərarlaşıb. Sağda adətən Elderson, solda isə Omeruo yer alır.

 

Komandanın kapitanı Obi Mikel dayaq yarımmüdafiəçisi funksiyasını yetinə yetirir. Onunla yanaşı Onazı çıxış edir. Yarımmüdafiənin cinahlarında Musa və Mozesə güvənən Keşi onlara hücumda da yer verə bilər. Düzdür, Obinna, Utaka, Ayeqveni və Ameobi də həm yarımmüdafiənin cinahlarında. Həm də hücumda faydalı olmaq qabiliyyətinə malikdir. Hücum tandemini adətən İdeye ilə Emenike təşkil edir. Lakin İdeye mundiaia aparılmadığından bu yerə iddiaçıların şansları artıb.

 

Qeyd edək ki, “Afrika braziliyalıları” iyunun 16-da İran, 21-də Bosniya və Hersoqovina, 25-də Argentina ilə qarşılaşacaq.

0