"Xəzər Lənkəran" yenə qələbə qazandı - YENİLƏNİB
18.07.2014 - 21:12
"Xəzər Lənkəran" yenə qələbə qazandı  - YENİLƏNİB

 

Sloveniyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün ikinci yoxlama matçında qüvvəsini sınayıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisi bu dəfə Latviyanın “Yurmala” klubu ilə qarşılaşıb.

 

Baş məşqçi Oğuz Çətin latviyalılarla görüşün ilk yarısında Tərlan Qasımzadə, Tural Cəlilov, Rasim Ramaldanov, Adrian Skarlatake, Aleksandr Şemonayev, Rahid Əmirquliyev, Uğur Pamuk, Fernando Qabriel, Ağabala Ramazanov, Deyan Blajevski və Junior Nildo “11-liy”ə güvənib.

 

Oyuna fəal başlayan “ağ-yaşıllar” ilk hücumdaca hesabı açıblar. Braziliyalı yeni transfer Fernando Qabriel cərimə zərbəsindən topu birbaşa tora göndərib. Cənub təmsilçisinin fasiləyədək daha bir neçə dəfə fərqlənmək imkanı olsa da, ön xətdə yer alan Ağabala Ramazanovla Franko Nildo əlllərinə düşən imkanlardan yararlana bilməyiblər.

 

Fasiləyə 1:0 hesablı üstünlüklə yollanan “Xəzər Lənkəran” ikinci yarıya fərqli heyətlə çıxıb. Çətin bu dəfə Tərlan Qasımzadə, Tural Cəlilov, Adrian Skarlatake, Tyeqo Xesus, Vanderson Skuardelli, Rəşad Sadiqov, Rahid Əmirquliyev, Elnur Abdullayev, Qalin İvanov və Franko Nildoya şans verib.

 

İkinci hissə də cənub təmsilçisinin hücumları ilə başlasa da, “Yurmala” bərabərlik qolunu vurmağı bacarıb. Tək-tük hücumların birində qapı qarşısında yaranan qarşılıqdan sonra rəqibin gürcü legioneri Georgi Digaşvili tarazlığı bərpa edib.

 

Bundan sonra Nildonu “Bakı”dan transfer edilən Rauf Əliyevlə əvəzləyən Çətin bunu faydasını görüb. Millimizin futbolçusu Blajevskinin ara ötürməsini bir toxunuşla qapıya göndərib. Az sonra digər yeni transfer Rəşad Sadiqov öz sözünü deyib. O, cərimə meydançası daxilində topu uzaq “doqquzluğ”a göndərməklə, baxımlı qola imza atıb.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” ilk sınaq matçında “Karpatı” (Ukrayna) üzərində 2:1 hesablı qələbə qazanmışdı.

0