[b]Nə evdə, nə səfərdə[/b]
25.07.2014 - 11:33
[b]Nə evdə, nə səfərdə[/b]

Avropa Liqasının II təsnifat mərhələsində “İnter” İsveçin “Elfsborq” klubuna penaltilər seriyasında uduzaraq, mübarizəni dayanırdı. Apasport.az xəbər verir ki, “bankirlər”in bu məğlubiyyətindən sonra isə maraqlı bir fakt diqqət çəkir.

 

Oyunun baş hakimi Stanislav Todorov nə vaxt Azərbaycan komandalarının oyunu idarə edibsə, klublarımız meydanı məğlub tərk edib.

 

Maraqlıdır ki, Todorovun bundan əvvəl idarə etdiyi 2 görüş ölkəmizdə yox, rəqib komandaların meydanında baş tutub və həmin qarşılaşmalarda klublarımız qələbə qazana bilməyib. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, bu 2 görüş də Polşada baş tutub və hər iki matç da indiki kimi Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu olub.

 

Belə ki, o ilk dəfə 2012-ci ilin iyulun 26-da Polşanın Poznan şəhərində keçirilən “Lex” – “Xəzər Lənkəran” görüşünə təyinat alıb. Lənkəranda keçirilən ilk matçda 1:1 hesabı qeydə alındığından, Poznanda Yunis Hüseynovun yetirmələri mütləq qələbə qazanmalı idi. Ancaq 15-ci dəqiqədə hazırda “Aston Villa”nın bolqar hücumçusu olan Aleksandar Tonevin künc zərbəsindən sonra vurduğu qol növbəti mərhələyə “Lex”i çıxarıb. Bu matçda Todorov 9 sarı və 1 qırmızı vərəqə çıxarıb. Bolqarıstanlı referi təmsilçimizdən Eder Bonfim, Elnur Allahverdiyev, Adrian Pitsə sarı vərəqə göstərmiş, görüşə əlavə olunmuş dəqiqələrdə isə Rahid Əmirquliyevi 2-ci “sarı” ilə meydandan qovmuşdu.

 

Todorovun təmsilçilərimizin iştirakı ilə idarə etdiyi ikinci görüş isə ötən mövsüm baş tutub. “Qarabağ” Bakıdakı ilk matçda 2:1 məğlub etdiyi “Pyast”la ötən ilin iyulun 25-də qarşılaşıb. Polşanın Qlivitse şəhərində keçirilən görüşün əsas vaxtında meydan sahibləri 2:1 hesabı ilə qalib ayrıldığından, matç 30 dəqiqə əlavə oynanılıb. Artıq “Qarabağ”dan ayrılmış konqolu hücumçu Ulriş Kapolonqonun 108-ci dəqiqədə vurduğu qol hesabı 2:2 edib və onun komandası növbəti mərhələyə vəsiqə qazanıb. Bu matçda da bolqar referi “bizimkilər”ə qarşı çox sərt olub. 6 vərəqədən 4-ü “Qarabağ”lılara – Admir Teli, Nikoloz Gelaşvili, Riçard Almeyda və Miro Varvodiçə göstərilib.

 

Dünən isə “İnter” – “Elfsborq” oyununu idarə edən bolqarıstanlı fit sahibi oyunun 3-cü dəqiqəsində Laşa Salukvadzeyə qırmızı vərəqə göstərməklə təmsilçimizi meydanda azlıqda qoydu. “Bankirlər” 120 dəqiqə isveçlilərə qarşı 10 nəfərlə oynasa da, matçın taleyini penaltilərə daşıya bildi. 11 metrlik zərbələrdən isə skandinaviyalılar daha yaxşı istifadə edib növbəti mərhələyə vəsiqə qazandılar.

 

Yenə də Stanislav Todorovun idarə etdiyi oyun təmsilçilərimizin məğlubiyyəti ilə başa çatdı. 

0