Böyükağa Hacıyev: Onlara sabah göstərəcəyik
30.07.2014 - 16:44
Böyükağa Hacıyev: Onlara sabah göstərəcəyik

“Çixura”nın oyunlarını izləmişəm. “Bursaspor”a qarşı oyunlarına baxmışam. Gürcüstan klubu da “Koper”ə oxşar futbol oynayır”. Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin bş məşqçisi Böyükağa Hacıyev deyib

 

Mütəxəssis Avropa Liqasının III təsnifat mərhələsinin sabah Gürcüstan təmsilçisi “Çixura” ilə keçiriləcək ilk oyunu öncəsi mətbuat konfransı keçirib. Hacıyev əvvəl rəqib haqda danışıb: “Çixura” da müdafiə futbolu oynayır. Bundan qabaq oynadığımız “Koper”in bir üstünlüyü var idi ki, daha ağıllı şəkildə müdafiə olunurdu. Hamınız bilirsiniz ki, Gürcüstan futbolu Qafqaz ölkələri arasında ən güclüsü olub. Onlara qarşı hazırlıqlarımız davam etdiririk. Fürsətdən istifadə edib “Qarabağ”a uğurlar arzu edirəm. İnanıram ki, Qurban Qurbanov və komandası bizi sevindirəcək. Mən də bu gün komandamla birlikdə 9-un yarısında “Qarabağ”ın oyununa baxacam. Daha sonra biz “Çixura”nın doğma meydanda “Bursaspor”a qarşı oynadığı oyunu izləyəcəyik”.

 

Hacıyev yetirmələrinin Türkiyədəki yoxlama oyunlarında “Çixura”nı məğlub edə bilməməsinə də toxunub: “Yoldaşlıq görüşlərinin nəticəsini önəmli götürmək lazım deyil. “Çixura” ilə Türkiyədə oynadığımız oyunlarda bir sıra eksperimentlər elədik. Həmin oyunları unutmaq lazımdır”.

 

Mütəxəssis iddialı danışan “Çixurnın müdafiəçisi Georgi Rexviaşvilinin cavabını da verib: “Rexviaşvili deyib ki, “Neftçi”ni 2:0 hesabı ilə məğlub edəcəyik. Bu onun fikridir. O çox şey deyə bilər. Oyun hər şeyi göstərəcək”.

 

“Neftçi”nin çalışdırıcısı taktika haqqında heç nə deməyəcəyini vurğulayıb: “Heç bir taktika açıqlamayacağam. Meydana hansı heyəti buraxacağımı oyunda görərsiniz. Bu barədə heç nə deməyəcəm. “Koper”lə səfər oyununda da o taktika ilə meydana çıxacağımızı heç kim gözləmirdi”.

 

Hacıyev həmişə iddialı açıqlamaları ilə diqqət çəkməsinə də şərh verib: “Mən heç zaman iddiasız çıxış etməmişəm. Heç vaxtda heç bir komandadan çəkinmirəm. Sabah görəcəksiniz ki, necə oynayacağıq. Mən əqidəmdən dönən deyiləm. Həmişə iddialı olmuşam. Rexviaşvilinin çıxışı bizə motivasiya verəcək. Bu gün yüz dənə Böyükağa Hacıyev, yüz dənə Ramos,yüz dənə Samir Məsimov olsa da, oyunun nəticəsini deyə bilmərik. Hər çey Allahın qismətidir. “Koper”lə oyunda gördünüz. Həmin oyunda futbolçularım tapşırıqlara əməl etmişdilər. Mən çalışacam ki elə taktika qurum ki, istədiyimizi qazanaq. Mən həmişə demişəm pis taktika yoxdur, pis icraçılar var. Bunun üzərində işləyəcəyik.  “Çixura” yaxşı komandadır. Avropada oynayırsa, güclüdür. Mən yenə qayıdıram. O hələ bilmir ki, arının yuvasına çöp soxub. Rexviaşvili yaxşı futbolçudur. Onu şəxsən tanıyıram. “Koper”də yanıma gələn menecerlər onu Gürcüstan komandasına vermişdilər. Rexviaşvili yaxşı ki, bizi 5:0 udacaqlarını deməyib. Onlara sabah göstərəcəyik”.

 

Hacıyev “Çixura”ya uduzan Şenol Günəşin çalışdırdığı “Bursaspor”un qisasını almaqla bağlı sualı da cavablandırıb: “Şenol Günəş güclü məşqçidir. Onun kiminsə təsəllisinə ehtiyacı yoxdur. Bu futboldur. Lazım olsa, onun qisasını alacağam. Əgər Günəş desə ki, al qisasımı, alacağam. Süleyman Dəmirəl və Heydər Əliyev deyirdi ki, biz bir millət iki dövlətik. Bunu nəzərə alıb daxilən onları məğlub etməyə çalışacağıq. Heç kim bilmir ki, sabah meydanda nələr olacaq”.

 

“Neftçi”nin hücum xəttindəki problemi baş məşqçi də etiraf edib: “Hücumda problemlər var: Mən son 5-6 ayda demişəm ki, bir hücumçuya ehtiyacım var. Demirəm ki, almayıblar. Disklərə baxmışam. Amma “Neftçi”nin strategiyasına uyğun bir hücumçu yoxdur. Mən ikinci Kanales axtarıram. Hələlik onu tapmamışam. Qrupa düşsək mütləq hücumçu tapmalıyıq”.

 

Hacıyev “Çixura”nın baş məşqçisi Samson Pruidzeyə də mesaj göndərib: “Bizim üzdəniraq qonşularımız var. Onlara baxanda gürcülərlə münasibətlərimiz yaxşıdır. Niyə korlayaq. Gürcülər xoş gəlir. Futbol çərçivəsində meydanda hər şey olacaq”.

 

Baş məşqçi vitse-prezident Tahir Süleymanovun istefasına da münasibət bildirib: “Mənim Tahir Süleymanovla heç bir problemim yoxdur. O qardaşdır, klubun vitse-prezidenti idi və mən işə baş məşqçi. Biz onunla futbol oynayandan qardaş olmuşuq. Aramızda problem ola bilməz”.

0