[b]“Göstəriş vermirdim, motivasiya etməyə çalışırdım”[/b] - MÜSAHİBƏ
31.07.2014 - 14:15
[b]“Göstəriş vermirdim, motivasiya etməyə çalışırdım”[/b] - MÜSAHİBƏ

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la (2:1) ilk görüşündən sonra “Qarabağ”ın futbolçusu Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- “Zalsburq” güclü komandadır. Buna görə də çətin oyun olacağını gözləyirdik. Elə də oldu. Rəqib həm texnikalı, həm də sürətli futbol nümayiş etdirdi. Xüsusilə də ikinci hissənin əvvəllərində onların qol epizodları oldu. Biz 10 nəfərlə qaldıqdan sonra oyun sistemimizdə dağınıqlıq yarandı. Çünki məşq zamanı hazırlığı 11 nəfərin üzərində qurmuşduq. Bölüşdürmüşdük ki, kim hansı mövqeni bağlayacaq, kim hansı futbolçu ilə qaçacaq və s. Azlıqda qaldıqdan sonra balans pozuldu. 10-15 dəqiqəlik üstünlükdən sonra yenidən balans yaratmağı bacardıq. Rəqibə demək olar, qol epizodu vermədik. Sadəcə, bir səhv buraxdıq, ondan da maksimum istifadə etdilər. Sonda isə biz sevindik. Çətin, amma vacib qələbə qazandıq.

 

- Hakim kifayət qədər vərəqələr verməklə diqqət mərkəzinə düşdü. Onun bu cür qərarları ilə oyunu “sındırdığı”nı demək olarmı?

- Artıq III mərhələdə çıxış edirik və düşünürəm ki, bu mərhələdə təcrübəli hakimlərə güvənərlər. Buna görə də hakimin qərarlarına şərh vermək istəmirəm.

 

- İkinci hissənin əvvəlində üstünlüyü tamamilə rəqibə verməyiniz nədən irəli gəlirdi? Bəlkə daha çox hesabı qorumağı düşünürdünüz?

- Birinci hissədən müdafiəyə daha çox diqqət yetirirdik. Çünki özün fikir verməsən də, rəqib səni müdafiə olunmağa vadar edəcəkdi. Güclü hücum xətti var. İkinci hissədə məcburi əvəzetmələr həyata keçirildi. Qara Qarayev müdafiəyəmeyilli futbolçudur və müdafiə olunmağımızda böyük rol oynayır. Onu itirdik, Teli qırmızı vərəqə aldı. Əvəzetmələrdən sonra Maksim mərkəzə çəkildi, onun cinahında isə İlqar qərarlaşdı. İki müdafiəyəmeyilli futbolçunu itirməyimiz özünü hiss etdirdi.

 

- Cavab oyununda 2 aparıcı oyunçunuz iştirak etməyəcək. Xüsusilə də hücum xəttində çox iş görən Reynaldonun yoxluğunu sığortalamaq mümkün olacaqmı?

- Reynaldo çox iş gördü, komandanın aparıcı oyunçusudur. Amma son vaxtlarda yaxşı formada olan Vüqar Nadirov da var. Onun Reynaldonu layiqincə əvəzləyəcəyini düşünürəm. Nadirov çiyinlərinə düşəcək yükü daşıya biləcək.

 

- Matça ikinci hissədə qoşuldunuz. Necə düşünürsüz, oynamağa hazırsınızmı?

- Komanda ilə 2-3 gündür ki, birgə məşq edirəm. İki ay zədəli oldum, bu da çox vaxt hesab edilir. Formaya düşməyim üçün hələ çox vaxt lazımdır.

 

- Ehtiyat oyunçular skamyasında oturduğunuz zaman komanda yoldaşlarınıza tez-tez göstərişlər verirdiniz. Deyəsən, onların oyunundan razı qalmamışdınız?

- Göstəriş vermirdim, motivasiya etməyə çalışırdım. Bunu meydanda olan vaxt da edirdim. Baxırdım ki, kimsə ruhdan düşüb, onu həvəsləndirirdim. Hansısa “bənd”in oyundan qopmasına yol vermək olmaz.

 

- Bu hesab səfər oyununda sizə üstünlük verəcəkmi?

- Rəqibin nəyə qadir olduğunu əyani gördük. Artıq onları yaxşı tanıyırıq. Cavab oyunu üçün tədbir görəcəyik.

 

- “Zalsburq” gözlədiyiniz kimi oynadı?

- Rəqibin “Bavariya”, “Ayaks”, “Bazel” kimi komandalarla oyunlarını analiz etmişdik. Son çempionat matçlarına da baxmışdıq. Bizi səfərdə çətin, ağır oyun gözləyir. Çalışacağıq ki, sərfəli nəticə qazanaq və mərhələ adlayaq.

 

0