“Neftçi”nin hücum xəttindəki problemlər həll olunmayıb” - MÜSAHİBƏ
31.07.2014 - 17:30
“Neftçi”nin hücum xəttindəki problemlər həll olunmayıb” - MÜSAHİBƏ

Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Gürcüstan təmsilçisi “Çixura” ilə qarşılaşacaq “Neftçi” klubunun braziliyalı yarımmüdafiəçisi Erik Ramosun apasport.az saytına müsahibəsi

 

- Bu gün doğma arenada “Çixura” ilə qarşılaşacaqsınız. Komandanızın qələbə qazanacağına inanırsınız?

- Hər iki komanda ilk mərhələdə ciddi rəqiblə qarşılaşıb və qələbə qazanıb. Biz “Koper”lə oyunda adımıza yaraşanı etdik və doğma meydanda olan səhvləri səfərdə sığortaladıq. “Çixura” da “Bursaspor”u mübarizədən kənarlaşdırıb. Bu, çox şeydən xəbər verir. Bizi ağır oyun gözləyir.

 

- İlk matçın Bakıda keçirilməsi “Neftçi” üçün uğurlu, yoxsa uğursuz sayıla bilər?

- Məncə, fərq etmir. “Koper”lə ilk oyun da evdə idi və həmin matçda məğlub olmuşduq. Sonra isə gedib Sloveniyada qalib gəlib, mərhələni keçdik.

 

- “Koper”ə Bakıdakı matçda uduzmağınıza səbəb nə idi?

- Sloveniya komandası ilə oyunda rəqib cəmi 2 hücum etdi və 2 qol vurdu. Bu, gözlənilməz idi. Ona görə də uduzduq. İlk hissədə buraxdığımız qollardan sonra şoka düşmüşdük. Sonra çox çalışdıq, amma alınmadı. Əlimizə düşən fürsətləri də boşa verdik.

 

- “Çixura”nın daha çox müdafiədə etibarlı oynadığı deyilir...

- Bunu bilirəm. Məncə, bunu düşünməkdənsə, öz oyunumuz haqqında fikirləşmək lazımdır. Qarşılaşmanın əvvəlində daha fəal olmalıyıq və erkən qol vursaq, daha yaxşı olar. Çünki hesabı nə qədər tez açsaq, bu, bizi oyuna daha yaxşı kökləyəcək. İnanıram ki, biz öz meydanımızda böyükhesablı qələbə qazanacağıq.

 

- Amma “Neftçi” Bakıda 7 avrokubok oyununda qələbənin nə olduğunu bilmir...

- Statistikalar məni maraqlandırmır. Bizə lazım olan nəticədir. Onu qazanmalıyıq.

 

- Gürcüstan klubuna qarşı hansı oyunu göstərmək lazımdır?

- Rəqib daha çox müdafiədə oynayacaqsa, deməli, əks-hücumlara bel bağlayacaq. Bu hücumların da qarşısını almalıyıq. “Koper”lə görüşlərdə  “Neftçi” ilk hissədə yaxşı oynadı, amma ikinci hissədə bir az zəif çıxış etdi. Bunu aradan qaldırmalıyıq. Hər iki hissədə tempi eyni saxlamaq məcburiyyətindəyik. Bunları edə bilsək, çoxlu qol şansımız olacaq.

 

- Hücum xəttində olan problemləri necə həll edəcəksiniz? Ötən mərhələdəki oyunlarda da görünürdü ki, komandanızın ön xətti istənilən səviyyədə çıxış etmir...

- Sizinlə razıyam. “Neftçi”nin hücum xəttindəki problemlər həll olunmayıb. Elə forvard olmalıdır ki, əlinə düşən şanslardan maksimum yararlansın. Bizə mütləq ikinci Nikolas Kanales lazımdır. Yoxsa Azərbaycan çempionatında da çətin olacaq.

 

Elsevər MƏMMƏDOV

0