Olimpiya çempionumuz Qazaxıstan vətəndaşlığını qəbul etdi
18.08.2014 - 17:06
Olimpiya çempionumuz Qazaxıstan vətəndaşlığını qəbul etdi

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının sabiq üzvü Nicat Rəhimov Qazaxıstan vətəndaşlığını qəbul edib. Bu barədə apasport.az saytına idmançının atası Əli Rəhimov məlumat verib.

 

O bildirib ki, Azərbaycan millisinin heyətində “intizamsız” damğası qoyulan oğlu artıq Qazaxıstan pasportuna malikdi. Yalnız Azərbaycanda qeydiyyatdan çıxmaq qalib ki,  bu da sentyabrda həll olunacaq: “Burada oğluma “pozğun” deyirdilər. Amma fakt belə deyil. Bir müddət öncə səsləndirdiyim fikirlər indi öz təsdiqini tapır. Faktiki olaraq, millimiz dağılıb. Nicatın da burada düşdüyü mühit yaxşı deyildi və haqqına xoşagəlməz sözlər danışırdılar. Oğlum artıq Qazaxıstanda 2 dəfə müsabiqədənkənar yarışa çıxıb. Mən onu izləmək üçün bu yaxınlarda həmin ölkəyə yollanmışdım. Nicat yarışda birdən 165, təkanla 202 kq çəkini ram etdi. Ardınca növbəti turnirdə bu çəki müvafiq olaraq, 172 kq və 212 kq oldu. Bu nəticə isə ona dünyada birinci olmaq imkanı verəcək. Oğlum artıq vətəndaşlıq da alıb. Sadəcə, qeydiyyat məsələsi qalıb ki, onu da məhkəməyə müraciət etmişəm. Gələn ay bu məsələ də öz həllini tapmalıdı”.

 

Yığmamızdan imtina edən 21 yaşlı atletin atası oğlunun Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında olduğu kimi, böyüklər arasında da Olimpiadada çempion olacağına inanır: “Məqsədimiz 2016-cı ildə keçiriləcək Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olmaqdı. İnanıram ki, Nicat bunu bacaracaq. Hazırda göstərdiyi nəticə də bunu deyir. Yeni komandasında hamı ondan razıdır”.

 

Rəhimov bildirib ki, oğlu Azərbaycanı birdəfəlik tərk etməyib. Sadəcə, məcburiyyətdən idmançı karyerasını Qazaxıstanda davam etdirəcək və podiumla vidalaşdıqdan sonra vətənə qayıdacaq.

 

0