Rasim Ramaldanov: Qol buraxmamağın özü də bir nəticədi - MÜSAHİBƏ
21.08.2014 - 09:59
Rasim Ramaldanov: Qol buraxmamağın özü də bir nəticədi - MÜSAHİBƏ

Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanov Özbəkistanla qolsuz bərabərliklə başa çatan oyundan sonra apasport.az saytının suallarını cavablandırıb. Müdafiəçi formasını geyindiyi “Xəzər Lənkəran” klubunun cari mövsümdəki çıxışına da toxunub.

 

- Yoldaşlıq matçının bu cür alınacağını gözləyirdinizmi?

- Ağır qarşılaşma olacağını bilirdik. Öz meydançamızda oynadığımızdan, qələbə qazanmalı idik. Fasiləyədək bir neçə əlverişli imkanımız oldu. Həmin epizodlardan istifadə etməli idik. Fasilədən sonra isə oyunumuz alınmadı. Ümumi götürdükdə, pis çıxış etmədik. Qol buraxmamağın özü də bir nəticədi. Özbəkistan yığması da zəif komanda deyil.

 

- İkinci hissədə oyununuzun alınmamağı nə ilə bağlıdır?

- Hava çox isti idi. Düzdü, bunu bəhanə etmək olmaz. Çünki şərtlər həm rəqib, həm də bizim üçün eyni idi. Nəsə çatışmırdı. Toparlanmalı, qol vurmalı idik, amma bunu bacarmadıq.

 

- Maraqlıdır ki, klubunuzda ehtiyatda qalsanız da, millinin baş məşqçisi Berti Foqts sizə millidə şans verdi. Bəs siz öz oyununuzu necə dəyərləndirirsiniz?

- Düzdür, klubumda arxada qalan 2 rəsmi oyunda meydana çıxmamışam. Müəyyən problemlərim var. Baş məşqçi kimi məsləhət bilirsə, ona da şans verir. Yenə səbr etməliyəm. Üzərimdə işləyirəm. Çalışacam ki, əsas heyətdəki yerimi bərpa edim.

 

- Oynamağa hazırsınız?

- Özümü hazır sayıram.

 

- Bəlkə “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinlə aranızda problem var?

- Baş məşqçi ilə münasibətlərimiz normaldı. O, futbolçularla qardaş kimidi. Bunu bəhanə etmirəm.

 

- Özü ilə söhbətiniz olubmu?

- Bu haqda hələ danışmamışıq. Onun öz düşüncəsi var. Kimi güclü bilirsə, onu da oynadır.

 

- Qarşıdakı 4-5 oyunda da şans verməsə, hansı addımı atacaqsınız?

- Problem yaranacağına inanmıram. Yaxşı hazırlaşıb, tez bir zamanda heyətə düşəcəm.

 

- Yeri gəlmişkən, həftəsonu “Xəzər Lənkəran” “Simurq”la qarşılaşacaq. İlk qələbənizi qazana biləcəksinizmi?

- “Simurq” çətin rəqibdi. Xüsusilə, səfərdə onlarla oynamaq çətindi. Səfərə uduzmağa getmirik. Çalışacağıq, xalla dönək.

 

 

0