"Bu qədər futbolçu gətirməkdənsə, 2 güclü legioneri milliləşdirmək daha çox səmərə verər" - MÜSAHİBƏ
21.08.2014 - 11:31
"Bu qədər futbolçu gətirməkdənsə, 2 güclü legioneri milliləşdirmək daha çox səmərə verər" - MÜSAHİBƏ

Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Özbəkistanla keçirilən yoldaşlıq görüşündən (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının xəbərinə görə, hazırda Türkiyədə “Qaziantep BB” klubunun şərəfini qoruyan futbolçu komandaya cəlb edilən milliləşdirilən futbolçuların çoxluğundan narazı qalıb.

 

- Oyuna yaxşı başladıq, bir neçə şansımız oldu. Amma ikinci hissədə komandamızın istədiyi alınmadı. Baş məşqçi az oynayanlara və heyətə yeni cəlb edilənlərə şans verdi. Kimin oynayıb-oynamayacağına Foqts qərar verir. Futbolçu kimi işimizi görməliyik. Milli komandanın nə demək olduğunu hiss etmək vacibdi. Yeni gələn “əcnəbilər” bunu dərk etməlidirlər.

 

- Komandanın çıxışına görə heç utanırdınız?

- Heç kim millidən utanmamalıdı. Bəli, oyunumuz alınmaya bilər. Ancaq bu milli bizimdi, utanmaq lazım deyil. Əksinə, yığmanın üzvü olmağımla fəxr etmişəm. Ola bilsin ki, potensialımızdan aşağı çıxış edək. Amma komandanı aşağılamaq olmaz. Bəzi futbolçuların zəif çıxış etməsi mümkündü. Yaxşı oyun nümayiş etdirmədik.

 

- Hücum xəttində Reynaldo ilə birgə çıxış etmək istərdiniz, yoxsa Rüfət Dadaşovla?

- Millidə ancaq yeli futbolçular oynamalıdı. Ancaq kənardan bu qədər futbolçu cəlb etməkdənsə, iki güclü legioneri milliləşdirmək daha çox səmərə verər. Bu Reynaldo da ola bilər, başqası da. Hansı ki, həmin oyunçudan həm də biz çox şey öyrənə bilərik. Reynaldo hazırda əla formadadı, onun köməyi çox ola bilər. Amma bu baş məşqçinin və rəhbərliyin işidi.

 

- “Qarabağ” və “Neftçi”nin üzvlərinin yoxluğu hiss olunurdumu?

- Bu suala konkret cavab vermək mümkün deyil. 5-6 nəfər yeni futbolçu var, oyun üslubu da fərqlidi. Yeri gəlmişkən, hər iki klubumuza Avropa Liqasında uğurlar arzulayıram.

 

- Bu milli ilə seçmə mərhələdə uğur qazanmaq mümkündürmü?

- Milliyə dəvət alan zaman həmişə fəxr etmişəm. Çalışmışıq ki, uğur qazanaq. Yığmamız da bunu hər zaman sübut edib. Ola bilsin, bəzi qarşılaşmalarda zəif çıxış edək. Ancaq yığma nəyə qadir olduğunu oyunu ilə sübut edib. Sadəcə, hər bir futbolçu yaxşı hazırlaşmalı, çalışmalıdı ki, sentyabrın 9-da Bolqarıstanla rəsmi oyunda uğur qazanaq.

 

- Azərbaycan himnini bilməyən 7 futbolçu yerdə qalan 4 oyunçuya dəstək ola bilərmi?

- Futbolçular buna bir söz deyə bilməz. Biz də yığmada yerli futbolçuların forma geyinməsini istəyirik. Ancaq qərarı baş məşqi verir.

 

0