Robert Şörgenhofer: “Partizan” Bakıda məğlub olacaq
25.08.2014 - 12:55
Robert Şörgenhofer: “Partizan” Bakıda məğlub olacaq

Avroliqanın pley-off mərhələsinin cavab qarşılaşması olan “Neftçi” – “Partizan” oyununun baş hakimi Robert Şörgenhofer hər iki “ağ-qara” komandaya çox yaxşı tanışdır. Apasport.az saytının məlumatına görə, avstriyalı referi bundan əvvəl “Neftçi”nin 1, “Partizan”ın isə 2 görüşünü idarə edib.

 

41 yaşlı referi 2008-ci ilin iyulun 26-da İntertoto Kubokunun III mərhələsində Rumıniyada keçirilən “Vasluy” – “Neftçi” matçında iş başında olmuşdu. Bakılılar mərkəzi arenada rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, bu matçda 0:2 hesabı ilə yenilməklə UEFA Kubokunun II təsnifat mərhələsinə vəsiqə qazana bilməmişdi. Həmin görüşdə Şörgenhofer meydan sahiblərinə 2, “Neftçi”yə isə 4 sarı vərəqə göstərmişdi. Rəşad Sadıqov (52), Elnur Allahverdiyev (75), ukraynalı Oleq Qerasimyuk (81) və türkmənistanlı Nəzər Bayramov (87) bu matçda vərəqə payını götürmüşdü.

 

Avstriyada qatarlara xidmət rəisi vəzifəsində də çalışan Şörgenhoferin “Partizan”la tanışlığı isə bundan 1 il sonraya gedib çıxır. “Partizan”ın Avroliqanın qrup mərhələsində “Brügge”yə 2:4 hesabı ilə uduzduğu matçda avstriyalı hakim Serbiya təmsilçisini azlıqda qoymuşdu. 2012-ci ilin avqustun 23-də isə “Partizan” Avroliqanın pley-off mərhələsində Norveçdə “Tromsö”nün qonağı olmuşdu. Maraqlıdır ki, həmin matçda da serbiyalılar qalib gələ bilməmişdi – 2:3.

 

Bundan belə bir məntiqə gəlmək olur ki, 1991-ci ildən idarəçilik edən bu referi həm “Neftçi”, həm də “Partizan” üçün uğursuz hakimdir. Ancaq Çempionlar Liqasının qrup mərhələsində 3 oyun idarə etmiş Şörgenhoferin “Neftçi”dən fərqli, “Partizan”ın 2 Avroliqa matçını idarə etdiyini nəzərə alsaq, o zaman düşünmək olar ki, təmsilçimiz Bakıda qələbə qazanacaq.

 

Qeyd edək ki, Robert Şörgenhofer 2012-ci ilin iyulun 19-da Avroliqanın II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın “Lex”lə 1:1 başa çatan ilk oyununu da idarə edib. Lənkəran təmsilçisinə 4, polşalılara isə 3 sarı vərəqə göstərən Şörgenhofer son dəqiqələrdə Poznan klubunun yarımmüdafiəçisi Şimon Drevnyakı meydandan qovmuşdu.

0