[b]“Xəzər Lənkəran” 2 ildi eyni vəziyyətdədi"[/b] - MÜSAHİBƏ
01.09.2014 - 11:47
[b]“Xəzər Lənkəran” 2 ildi eyni vəziyyətdədi"[/b] - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayevin apasport.az saytına müsahibəsi

 

- Cari mövsüm ilk qələbənizi yalnız IV turda – “İnter”lə oyunda qazandınız...

- Bu qələbə bizim üçün çox vacib idi. Əslində, əvvəlki 3 turu da qələbə ilə başa vurmalı idik. Sadəcə, həmin görüşlərdə müəyyən səhvlər, bəxt amili bizi qələbə qazanmağa qoymadı. Fikrimcə, artıq tilsimi qırdıq. “Xəzər Lənkəran”ın iddialı və güclü komanda olduğunu sübut etdik.  

 

- “İnter”lə qarşılaşmada “Xəzər Lənkəran” daha istəkli görünürdü. Bunun səbəbi nə idi?

- “Xəzər Lənkəran” 2 ildi eyni vəziyyətdədi. Yaxşı oyun göstərsək də, uduzuruq. Bu amil psixoloji cəhətdən bizi sındırmışdı. Nə vaxtsa qələbə qazana bilməyəcəyimizi düşünürdük. Amma bu mövsüm ilk qələbəmizi qazandıq. Bunun davamını gətirmək lazımdır. Ardıcıl qələbələrimiz olsa, özümüzə gələcəyik və bundan sonra hər şey tamam başqa cür olacaq.

 

- Matçın start fitinə bir neçə saniyə qalmış start heyətində yer alan futbolçular ehtiyat oyunçular skamyasının önünə toplaşdı. Bu nə ilə əlaqədar idi?

- Hamı bir yerə yığışıb, qələbə qazanacağımıza söz verdik. Dedik ki, komanda oyunu göstərib, azarkeşlərimizi sevindirməliyik. Görüşdən öncə də rəhbərlik bizə inandığını söylədi. Biz də bu inamı doğrultmaq üçün birlikdə çalışdıq və qalib  gəldik.

 

- Komandanızın qələbə qolunun müəllifi oldunuz. Üstəlik, bu qol “Xəzər Lənkəran”ın tarixi ərzində vurduğu 600-cü qol oldu...

- Qol vurmaq və bu qolla komandaya xal qazandırmaq əla hissdi. Amma bunu təkcə mənim adıma yazmaq olmaz. Burda digər futbolçuların da əməyi var idi. Qələbədə hər kəs əziyyət çəkdi. Təki həmişə belə oynayaq və qələbə qazanaq. Qolumun  “Xəzər Lənkəran” klubunun tarixinə 600-cü qol kimi düşməsi də mənə sevinc bəxş edir.

 

- Qol vurulan epizodda diqqətçəkən məqam hücumun yalnız yerli futbolçular tərəfindən təşkil edilməsi idi...

- Bu onu göstərir ki, komandada yerli futbolçuların çox olması müsbət haldı. Çünki bir-birimizi başa düşürük. Düzdü, hər bir komandada legionerə ehtiyac var. Amma yerli oyunçuların üstünlük təşkil etməsi yaxşıdı.

 

Elsevər MƏMMƏDOV

0