“Bu, assosiasiyanın mümkün namizədlərlə bağlı qərarından asılı olacaq”
02.09.2014 - 14:17
“Bu, assosiasiyanın mümkün namizədlərlə bağlı qərarından asılı olacaq”

21 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Bernhard Lippert mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis əvvəlcə jurnalistlərlə görüşünün səbəbini açıqlayıb.

 

- Mətbuat konfransını keçirməyimin səbəblərindən biri U-21-in İsrail və Portuqaliya ilə oyunlarına hazırlıqla bağlıdırsa, digər yandan komandanın baş məşqçisi postundan ayrılmaq istəyimlə bağlıdır. Artıq bununla bağlı AFFA rəhbərliyinə təklifimi bildirmişəm. Ola bilsin, ya qarşıdakı iki oyundan sonra, ya da ilin sonundan artıq bu vəzifəni icra etməyim. Mənə etimad göstərdiklərinə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə və baş katib Elxan Məmmədova təşəkkür edirəm.

Komandadan ayrılmaq istəməyimin iki səbəbi var. Artıq 7 ildir buradayam və gənclərin əksəriyyətini tanıyıram. U-17-də işə başlayandan sonra onlarla birgə U-21-ə qədər yüksəldik. Eyni zamanda həmin vaxtdan məşqçilərin maarifləndirilməsi işinə start verdik. Artıq onlar üçün də yol açmaq lazımdır. Mən istefamı təklif edirəm. Necə olacağına isə assosiasiya rəhbərliyi qərar verəcək. İkinci səbəb idman direktoru kimi işimin tədricən çətinləşməsi ilə bağlıdır. Məşğul olacağım layihələrin sayı çoxalır. Hər şeydən əvvəl U-17-lər arasında Avropa çempionatının final mərhələsinin Azərbaycanda keçiriləcəyini qeyd etməliyik. UEFA-nın pro lisenziyalı kursları da Bakıda keçirilir. Bu kənardan göründüyü qədər asan deyil. UEFA ilə bir çox məsələləri həll etmək lazımdır. Bunun üçün vaxt ayrılmalıdır. Klublara idman direktorları ayrılıb. Onların işinə ümimi nəzarət də mənə həvalə edilib. Bütün bu işləri bir yerdə icra etmək mümkün deyil.

Bəs indiyə qədər nələr olub? 6 il əvvəl burda olan vaxt jurnalistlərdən biri belə sual verdi ki, U-21 8 ildir heç bir oyunda qələbə qazanmayıb, bundan xəbərdarsınız? Onda birtəhər oldum. İndinin özündə də Avropa ölkələri ilə mübarizə aparmaq, müqayisə olunmaq heç də asan deyil. Amma az da olsa nəticələrimiz var. Ən azı ötən müddətdə 4 rəsmi matçda qələbə qazanmışıq. Heç olmamaqdan bu yaxşıdır. Bu komandada əsas işim yaxşı nəticələr qazanmaq yox, A milli üçün futbolçular yetişdirmək olub. Təbii ki, əsas millinin nəticələri baş məşqçi Berti Foqtsun işi ilə bağlıdır. Milli əvvəl reytinq cədvəlində 130-cu yerdə idi, indi isə 73-75-ci yerə yüksəlib. Bunda əsas pay sahibi Berti Foqtsdur. Ancaq komandanın cavanlaşdırılması da mütləq qeyd edilməlidir. U-17–dən     rəhbərliyim altında çıxış edən futbolçulardan 16-sı bu gün Moskvada millinin düşərgəsindədir. Bununla qürur duymaq olar. İşə başlayanda heç də əmin deyildim ki, bu qədər futbolçu əsas milliyə dəvət ediləcək. Avropada nadir hallarda belə vəziyyətin şahidi oluruq. Əlbəttə, burda şərtlər də mühim rol oynayır. Məsələn, Premyer Liqada 21 yaşadək futbolçuların oynamasına imkan verən qaydaları qeyd edə bilərəm. Əvvəllər az hallarda gənc futbolçuları əsas komandada meydana buraxırdılar. Bunun üçün də sistem dəyişdirildi. Qaydaların tətbiqinə görə AFFA-ya təşəkkür düşür.

Qərarımı komanda üzvlərinə də açıqlamışam. Oyun üçün hazırlıq üçün elə də geniş vaxtımız olmayıb. Çünki futbolçuların bir hissəsi dünən düşərgəyə qoşulub. Taktiki məşqlər keçməyə vaxtımız olmayıb. Belədə futbolçuların əzminə, iradəsinə bel bağlamlı olacağıq. Ümid edirəm ki, uşaqlar bu cavabdehliyi qəbul edəcəklər. KİV nümayəndələrinə də təşəkkür edirəm ki, bu müddətdə rahat işləməyimə imkan verdiniz.

 

- Yetirmələrinizdən vida hədiyyəsi gözləyirsinizmi?

- Bəli.

 

- Əsas komandaya göndərdiyiniz futbolçuların adlarını qeyd etdiniz. Bununla özünüzü çox vurğulamış oldunuz. Klublarda çalışan məşqçiləri qeyd etmədiniz. Siz bura gələndə millinin məşqçisi olmamışdınız. Burada milliyə baş məşqçi təyin edildiniz, beynəlxalq oyunlara çıxdınız. Bu müddətdə kim qazanclı çıxdı: AFFA, yoxsa Bernard Lippert?

- Özümü vurğulamadım. Dedim ki, burada Berti Foqtsla klubların əməyi qeyd edilməlidir. Çünki futbolçulara klublarda oynamağa onların məşqçiləri şərait yaradır. Sadəcə, qürur duyduğumuzu dedim. Bu cür işlərdə heç kim özünü xüsusi qabartmamalıdır. Burada hamının payı var. Sistemin içərisində hər birimiz “şestirna”nın bir “dişiyik”. Hər birimiz ümumi işin bir parçasıyıq. Mətbuat da bura aiddir. Təbii ki, bu sistemi dəstəkləyirlərsə.

Sualın digər hissəsinə gəldikdə, kimin daha çox qazandığına özüm yox, rəhbərlik qiymət versə daha yaxşı olar.

 

- Yerli məşqçilərin potensialına bələdsiniz. U-21-in baş məşqçisi postuna kimi namizəd hesab edirsiniz?

- Ola bilsin, fikrimdə kimsə var. Amma bunu rəhbərlik soruşsa onlara deyə bilərəm. Mətbuata isə açıqlamağım düzgün olmaz.

 

- İstefa təklifinizi verdiyinizi dediniz. AFFA rəhbərliyi istefanızı qəbul edibmi? Qəbul edibsə, komandadan nə vaxt ayrılacaqsınız?

- Məncə, qəbul olunar. Bu iki oyundan sonra olacaq. Amma ilin sonuna qədər də uzana bilər. Bu, assosiasiyanın mümkün namizədlərlə bağlı qərarından asılı olacaq.

 

- Azərbaycan futboluna kifayət qədər bələdsiniz. Futbolumuzdakı hansı çatışmazlıqları qeyd edərdiniz?

- Uşaq və yeniyetmə futbolu üçün infrastruktoru daha yaxşı qurmaq olar. Klublar qısamüddətli planlara üstünlük verirlər. Komandaya maliyyə ayırdıqdan sonra dərhal nəticə tələb edirlər. Əsas diqqəti A komandaya yönəldirlər. Nəticədə uşaq futbolu kölgədə qalır. Lazımı qədər yaxşı meydançalar salınmalı, uşaqların ixtiyarına verilməli, məşqçilər dəvət edilməlidir. Almaniyada klubun ümumi büdcəsinin ən azı 10 faizi uşaq futboluna ayrılır. Burda vəziyyət belə deyil. Yaxşı olar ki, uşaqların yetişəcəyi infrastruktora daha çox pul xərcləsinlər.

 

- Mirhüseyn Seyidov Norveçlə oyundan sonra U-21-də oynamaq istəmədiyini bildirmişdi. Onun komandaya dəvət edilməməsi bununla bağlıdır?

- o baxımdan hər kəsin arzusunu yerinə yetiririk.

 

 

0