[b]Əliyar Ağayev: Burda mənim səhvim olmayıb[/b]
15.09.2014 - 14:27
[b]Əliyar Ağayev: Burda mənim səhvim olmayıb[/b]

“Burda mənim hər hansısa səhvimdən söhbət gedə bilməz”. Bunu apasport.az saytına FİFA referisi Əliyar Ağayev deyib.

 

Topaz Premyer Liqasının V turunun “Neftçi” – “Xəzər Lənkəran” (1:0) oyununda bir məqam diqqətdən yayınmadı. PFL-in rəsmi saytında Əliyar Ağayevin tərtib etdiyi protokolda Saşa Stamenkoviçin 40-cı dəqiqədə qırmızı vərəqə aldığı, Qalin İvanovun 42-də penalti vurduğu, “Neftçi”nin ehtiyat qapıçısı Pavel Doroşevin isə 43-də meydana girdiyi göstərilib. Təbii ki, belə bir şey ola bilməzdi (yeri gəlmişkən, bu səhv artıq PFL-in saytında aradan qaldırılıb – red.). Görəsən, bu səhv FİFA referimizin də rəsmi protokolunda doğrudandamı əks olunub?

 

Bunu Ağayevin özü ilə aydınlıq gətirməyə çalışdıq. Cavab gözlədiyimiz kimi oldu: “Ola bilsin ki, burda PFL-in saytında səhv gedib. Protokol köçürülərkən rəqəmlər səhv yazılıb. Bu, texniki səhvdir, normal qarşılanmalıdır. Burda mənim səhvim olmayıb. Oyundan dərhal sonra tərtib etdiyimiz rəsmi protokol faksla PFL-ə yollanılır. Ola bilməz ki, 42-ci dəqiqədə penalti vurulsun, 43-də isə qapıçı meydana daxil olsun. 43-cü dəqiqədə penalti vurulub, bu şübhəsizdir (əslində isə penaltinin vurulduğu an protokolda 42-ci dəqiqə göstərilib – red.)”.

 

“Böyük oyun”da verilən penaltidən söz düşmüşkən, Rauf Əliyevin özünü yerə ataraq simulyasiyaya yol verdiyi bildirilir. Qapıya penalti yox, əksinə millimizin hücumçusuna sarı vərəqə göstərilməlidir deyə iddia edənlər var. Buna da Ağayevin mövqeyini öyrənmək istədik. Amma... “Mənim oyun haqqında danışmağa icazəm yoxdur. Kodeksə görə, bir kəlmə danışsam, cəzalandırıla bilərəm. Ona görə də bu barədə danışmamağımı üzrlü sayın” deyə referi cavab verdi.

0