“Mən Azərbaycanı, xüsusilə “Qəbələ”ni sevdim”
21.09.2014 - 17:20
“Mən Azərbaycanı, xüsusilə “Qəbələ”ni sevdim”

“Azərbaycan əvvəlcə mənim üçün tapmaca-ölkə olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylov deyib.

 

Hazırda icarə əsasında vətəni Rusiyanın “Krasnodar” klubundan çıxış edən, icarə ilə Portuqaliya “Portu”suna məxsus olan 32 yaşlı yarımmüdafiəçi yerli mətbuata müsahibə verib.

 

Ötən mövsümü icarə əsasında “Qəbələ”də keçirən İzmaylov ölkəmizi hələ unutmayıb: “Amma orada qeyri-adi heç nə yoxdur. Ora tez uyğunlaşdım. Hansısa çətinliklə üzləşmədim. Rusiya və Avropada necə yaşayırdımsa, həmçinin Azərbaycanda da elə yaşayırdım. Əlbəttə, oranın adət-ənənəsi Rusiya və Avropadan fərqlidir. Azərbaycanda din güclüdür. Yerli sakinlər adət-ənənəsinə böyük dəyər verir. Ölkənin özü və Bakı isə inanılmaz dərəcədə gözəldir. Paytaxt sürətlə inkişaf edir. Mən Azərbaycanı, xüsusilə “Qəbələ”ni sevdim. İndiyədək orada olan dostlarımla əlaqəm var. Düşünürəm ki, bir neçə dəfə Azərbaycana gedib, onlara baş çəkəcəyəm”.

 

Qeyd edək ki, ötən mövsüm “Qəbələ”nin formasını geyinən Marat İzmaylov 14 oyunda meydana çıxıb və rəqib qapılarından 1 top keçirməyi bacarıb.

0