“Neftçi”nin futbolçuları onun ayağına bilərəkdən zərbələr endirirdilər” - MÜSAHİBƏ
22.09.2014 - 11:00
“Neftçi”nin futbolçuları onun ayağına bilərəkdən zərbələr endirirdilər” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının VI turu çərçivəsində öz meydanında “Neftçi” ilə qolsuz bərabərliyə qalan “Qəbələ” klubunun müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi

 

- Qarşılaşma barədə fikrinizi bilmək maraqlı olardı...

- Qapılara qol vurulmasa da, maraqlı oyun oldu. Təbii ki, doğma meydanda 3 xal qazanmaq istəyirdik, ancaq “Neftçi” də güclü rəqibdi. Bunu deməklə, “Qəbələ”nin zəif olduğuna işarə vurmuram. Biz də iddialıyıq. Komandalar bu dəfə hərəyə bir xalla kifayətləndilər. Bu 1 xala da şükür etmək lazımdı. Ancaq qələbə daha yaxşı olardı.

 

- Qələbə qazanmaq üçün komandada nə çatışmadı?

- Hücumlar bir qədər soyuqqanlı olmalı idilər. Yəni, özümüzə inam daha çox olmalı, qol epizodlarında düzgün qərarlar qəbul etməli idik.

 

- Qol vura bilməmək sırf soyuqqanlı olmamaqdan irəli gəlir, yoxsa hücumçuların ustalıq səviyyəsinin aşağı olmasından?

- Hücumda yer alan futbolçularımızın ustalıq səviyyəsinə şübhə etmirəm. Əsas özünəinamdı. Sanki, “Neftçi”ni məğlub edəcəyimizə inanmırdıq. Buna görə də qələbə qazana bilmədik. Məğlub olduğumuz oyunlarda da bu amil sözünü dedi.

 

- 6 turdan sonra hesabınızda 10 xal var. Çempionluğa iddialı komanda üçün bu göstərici nə dərəcədə məqbul sayıla bilər?

- Qənaətbəxş nəticə deyil. Çünki 2 oyunda məğlub olub, 1 heç-heçə etmişik. Bu da yaxşı nəticə deyil. Rəhbərlik ötən il üçüncü olduğumuzdan, bu mövsüm çempionluq gözlədiyini bildirib. Maksimum nəticə qazanmaq lazımdı.

 

- Çempionatın əvvəlində baş məşqçi Dorinel Muntyanu daha çox özünün transfer etdiyi legionerlərə şans verirdi. Amma son oyunlarda mənzərə bir qədər dəyişdi. Bu dəyişiklik əvvəlki turlarda qeydə alınan nəticələrlə bağlıdı?

- Baş məşqçimiz legionerlərlə yanaşı, yerli futbolçulara da inanır. Çünki komandada olan yerlilərin əksəriyyəti əsas, eləcə də U-21 və U-19 yığmamızın üzvləridi. O, hamıya şans verir. Bu, o demək deyil ki, legionerlər bütün turlarda mütləq oynamalıdı. Matça hazırlıq zamanı kim özünü daha yaxşı göstərirsə, onu da meydana buraxır. Azərbaycanlı futbolçular meydanda onun tapşırığını yerinə yetirirsə, avtomatik əsas heyətdə yer alır.

 

- Muntyanu mövsümün əvvəlində futbolçulara qarşı bir qədər sərt davranırdı. Xüsusilə, Dodonun əvəzedici heyətə göndərilməsi birmənalı qarşılanmadı. Amma rumıniyalı mütəxəssis sonradan onu əsas komandaya qaytardı və Dodo da dubl etməklə, ona cavab vermiş oldu. Bu, nəyi göstərir: baş məşqçi futbolçulara və komandaya hələ yaxından bələd deyil?

- Muntyanu indiyədək Azərbaycanda işləməyib. Komandaları yeni-yeni tanıyır, adaptasiya prosesi keçir. Qaldı ki, Dodo ilə bağlı məsələyə, bu, o demək deyil ki, baş məşqçinin onunla problemi, hansısa prinsipi var. Toplanış zamanı anlaşılmazlıq oldu. Baş məşqçi sərt qərar verdi. Dodonun yerində mən də olsaydım, həmin qərarla üzləşəcəkdim. Muntyanu üçün nizam-intizam ilk pillədə durur. Sadəcə, Dodo məşqlərdə özünü yaxşı tərəfdən göstərirdi, baş məşqçi də onun komandaya kömək edə biləcəyini görüb, əsas heyətdə yer verdi.

 

- “Neftçi” ilə oyunda onun yoxluğu göründümü?

- Bu dəfə onun mövqeyində Ekiqo oynayırdı. O da zəif futbolçu deyil. Yeni gəlib deyə, adaptasiya üçün vaxt lazımdı. Bununla belə, çalışırdı ki, komandaya kömək eləsin. Sadəcə, “Neftçi”nin futbolçuları təhlükəli hücumçu olduğu üçün Ekiqonun ayağına bilərəkdən zərbələr endirirdilər.

 

0