AZAL-dan istefa xəbərinə reaksiya: Səriştəsizdi, dünyadan xəbəri yoxdu
23.09.2014 - 13:00
AZAL-dan istefa xəbərinə reaksiya: Səriştəsizdi, dünyadan xəbəri yoxdu

“Baş məşqçimiz Tərlan Əhmədovun istefası gündəmdə deyil”. Bunu apasport.az saytına açıqlamasında AZAL futbol klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

 

Son günlər Tərlan Əhmədovun istefaya göndəriləcəyi barədə yayılan xəbərlərə münasibət bildirən Yusifovun sözlərinə görə, klub rəhbərliyi çalışdırıcının işindən razıdı.

 

“Topaz Premyer Liqasında cəmi 6 tur oynanılıb. 6 qarşılaşmaya əsasən, onun işinə necə qiymət vermək olar? Şəxsən mənim fikrimcə, nəticələr yaxşıdı. Bu səbəbdən klub rəhbərliyində Əhmədovun istefaya göndərilməsini istəyən şəxsin olmasına inanmıram. Hazırda komanda növbəti görüşə hazırlaşır” – deyə, Yusifov bildirib.

 

Həmkarımız vurğulayıb ki, baş məşqçi vəzifəsinə klub prezidenti tərəfindən gətirilən Əhmədov rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələrin icrası ilə məşğuldu. Əgər gələcəkdə onun fəaliyyəti qənaətbəxş sayılmazsa, o zaman istefa söhbəti gündəmə gələ bilər: “Tərlan müəllim, gənc mütəxəssisdi, biz ona dəstək verməliyik. Bununla bağlı öncə də açıqlama vermişik, amma yenə yazırlar ki, AZAL rəhbərliyi Əhmədovu postundan kənarlaşdıracaq. Bunlar yanlış xəbərlərdi”.

 

Əhmədov Topaz Premyer Liqasının hesabat turunun “Sumqayıt”la səfər matçında qazanılan 1:0 hesablı qələbədən sonra istefaya getməyə hazır olduğunu demişdi. Belə ki, onun “rəhbərlik istəsə, vəzifəmdən gedəcəm” deməsi, bəzi şübhələrə yol açıb. Amma Yusifov məşqçinin həmin fikirlərinə haqq qazandırıb: “Gündəmdə olmayan istefa barədə Əhmədova o qədər sual veriblər ki, o da emosional cavab verib. Baş məşqçimizin nəticələri rəhbərlik tərəfindən normal qarşılanıb. Əgər 6 tura görə kimsə məşqçinin işinə qiymət verirsə, deməli, səriştəsizdi, futbol anlayışı, dünyadan xəbəri yoxdu. Belə insanlara qarşı mübarizə aparıb, onları ifşa etməliyik. Topaz Premyer Liqasında hər turdan sonra komandaların turnir cədvəlində mövqeyi dəyişir. Bir də gördünüz ki, AZAL ardıcıl 3 qələbə qazanıb lider oldu. Məsələn, ötən mövsüm birinci yerdə idik, amma 2 məğlubiyyətdən sonra VIII pilləyə düşdük. Belə acı təcrübəmiz var. İndi əksinə də olması mümkündü”.

 

0