“Klubunda "18-liy”ə düşə bilməyən futbolçunu milliyə çağıranda axırı belə olmalı idi” - MÜSAHİBƏ
17.10.2014 - 14:59
“Klubunda "18-liy”ə düşə bilməyən futbolçunu milliyə çağıranda axırı belə olmalı idi” - MÜSAHİBƏ

“İnter” klubunun yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Millinin baş məşqçisi Berti Foqtsun istefa verəcəyini gözləyirdiz?

- Onun istefası haqda çox adam danışırdı. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Deməli, getməyin vaxtı idi. Gedənin arxasınca danışmazlar. Foqts özü də Azərbaycan futboluna xeyir verə bilmədiyini deyib. Yığmanın baş məşqçisi postuna kim gələcəksə, xeyirli olsun.

 

- Foqts yığmamıza niyə xeyir verə bilmədi?

- Onun öz fəlsəfəsi var idi. Çalışırdı ki, bunu tətbiq eləsin. Bizdən tam fərqli oyun tələb edirdi. Bu da gah alınırdı, gah yox. 4-5 klubda çıxış etmişəm, hər bir baş məşqçinin öz yolu, iş üslubu var.

 

- Almaniyalı mütəxəssis sizdən nə istəyirdi, fəlsəfəsi nədən ibarət idi?

- Əsasən fiziki gücə söykənən oyuna üstünlük verirdi. Amma bəzən biz onun nə istədiyini başa düşmürdük. Bu haqda çox danışmaq istəmirəm. Onsuz da gedən getdi. Gələn haqda danışmaq lazımdı.

 

- Danışmaqla, ən azından səhvlərdən nəticə çıxarmaq olar...

- Razıyam. Onun getməsində mətbuatın daha çox rolu oldu. Çünki nəticə yox idi, buna görə də tənqid edirdilər. Bu da normaldı. AFFA elə seçim etməlidi ki, gələn məşqçi futbolumuza xeyir verə bilsin.

 

- Son vaxtlar yığmaya dəvət edilməməyin sırf Berti Foqtsla bağlıydı, yoxsa özünüzdə də problem var idi?

- Foqts hər dəfə mənə oynamamağımla bağlı irad bildirirdi. Amma bəzən qəribə mənzərə ilə qarşılaşırdıq. Tutaq ki, lider komandadan milliyə 2 futbolçu dəvət edir və hər ikisi ehtiyatda qalır. Amma aşağı pillələrdə yer alan komandadan dəvət etdiyi oyunçulara şans verirdi. Aramıza bəzən söhbət olurdu, hər dəfə oynamamağımı qabardırdı. Elə futbolçular var ki, klublarında heç “18-liy”ə düşmədikləri halda, yığmaya dəvət edilirdilər. Ona görə də belə olmalı idi. Nə bilim... Bir dəfə Foqtsdan soruşdum ki, məni niyə oynatmırsan, cavab verdi ki, mənimlə mübahisə eləmə. Ondan sonra onunla bu haqda heç danışmadım. Onun fəlsəfəsi tam fərqli idi.

 

- Ümumiyyətlə, son illərdə “kölgə”də qalmısız. Bu nədən irəli gəlir - tez-tez zədələnməyinizdən, yoxsa kifayət qədər məşq etməməyinizdən?

- “İnter”ə keçdikdən sonra hər şey əla idi. Avropa Liqasında 2 qol vurdum, ab-hava da yaxşı idi. Yaxşı başlanğıcdan sonra oyuna 2-3 gün qalmış ciddi zədə aldım və 2 ay kənarda qaldım.   

 

- Millinin gələn ay Norveçlə oyunu var. Ola bilər ki, komandanı bu matça köməkçi-məşqçilərdən biri Mahmud Qurbanov çıxarsın. Həmin vaxt dəvət gözləyirsinizmi?

- Mahmud Azərbaycanın böyük futbolçularından olub. Təki nəticə müsbət olsun. Əlbəttə, dəvət gözləyirəm. Komandada yeni ab-hava olacaq. Niyə də oynamayım?

 

- Sabah “İnter” “Simurq”la qarşılaşacaq. 3 həftəlik fasilədən sonra komanda oyuna köklənə bilib?

- Fasilə zamanı Gürcüstana getdik, təlim-məşq toplanışı keçirdik. Turnir cədvəlinə başçılıq edirik. Məqsədimiz yerimizi sona qədər qorumaqdı.  

 

- Yenə oyunöncəsi “İnter”- “Simurq” “qardaşlığı” haqda söz-söhbət başlayıb...

- Bu haqda məlumatım yoxdu. “Simurq”da da vəziyyət ürəkaçan deyil. Mətbuatdan oxuduğum qədəri ilə onların da baş məşqçilərinin vəziyyəti yaxşı deyil. Hansı baş məşqçi işini itirmək istəyər ki? Baş məşqçimiz çətin olacağını deyib. Liderliyimizi qorumaq baxımından qələbə vacibdi.

 

- Uğurlu startın davamını sona qədər gətirə biləcəksinizmi?

- Mövsüm yeni başlayıb. İndidən çempionluqla bağlı fikir bildirmək çətindi. Sona 2-3 tur qalmış çempionluğumuzu qeyd etməklə gücümüzü sübut etmək istərdik.

 

 

0