[b]Elnur Cəfərov: Belə oyundan kim narazı qalar?[/b] - MÜSAHİBƏ
20.10.2014 - 08:53
[b]Elnur Cəfərov: Belə oyundan kim narazı qalar?[/b] - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Cəfərov Topaz Premyer Liqasının VIII turunda “Bakı” üzərində qazanılan 4:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Mövsümdə qazandığınız ilk böyük hesablı qələbə barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Çox sevinirəm. Komandamız ardıcıl 3 oyundu uduzmur. “Bakı”ya qarşı çox yaxşı oyun göstərdik. Hər şey əla alındı. Qarşılaşma tamamilə üstünlüyümüz şəraitində keçdi. Xeyli qol vəziyyəti yaratsaq da, bunlardan yalnız dördünü qola çevirdik. İnanıram ki, qələbələrimizin ardı gələcək.

 

- Çoxları sizi matçın qəhrəmanı sayır. Belə çıxış edəcəyinizi gözləyirdiniz?

- Cari mövsüm ilk dəfə meydana çıxdım. Doğurdan da, oyunum əla alındı. Bir qol vurdum, komandama penalti qazandırdım. Bu, mənim üçün çox yaxşıdı. Belə oyundan kim narazı qalar? Düşünürəm ki, qarşıdakı matçlarıma da təsir edəcək.

 

- Azarkeşlərin 90 dəqiqə ərzində “Elnur, Elnur” deməsi, sizdə hansı hislər yaratdı?

- Sağ olsunlar ki, məni hər zaman dəstəkləyirlər. Əvəzedici komandada oynayarkən də əsas komandaya gəlməyimi istəyirdilər. Bunun üçün onlara minnətdaram. Onlar mənə dəstək verdikdən sonra daha yaxşı oynamağa, onları sevindirməyə çalışacam. Sevinirəm ki, onların ümidlərini doğrultdum. Həqiqətən də çox həvəsli idim ki, meydana çıxıb özümü sübut edim.

 

- Belə çıxışla əsas heyətin daimi üzvünə çevrilə biləcəksiz?

- İnşallah, yaxşı olar. Baş məşqçimiz Oğuz Çətinə də təşəkkür edirəm. Mənə şans verdi, güvəndi.

 

- Ağabala Ramazanovun zədələnməsindən sonra limitə görə başqa bir futbolçu meydana çıxmalı idi. Siz bu şansı gözləyirdiniz?

- Əslində, yox. Amma oyundan bir gün öncə Oğuz Çətin mənə demişdi ki, hazırlaş ilk “11-lik”də meydana çıxa bilərsən. Mən isə həmişə hazıram. Oyundan öncə komanda yoldaşlarım mənə demişdi ki, sənin bacarığın var və çalış rəqib müdafiəçiləri keç. Sürətlisən və driblinqlərin də var. Onların sözlərinə əməl edib, özümü göstərdim. Məsələn, mən sağ ayağımla nadir hallarda qol vururam, amma bu gün onu da etdim.

 

- Yağış yağandan sonra oynamaq deyəsən problem yaratmışdı...

- Mənim üçün fərq etməz. Biz Lənkəranda böyümüşük və belə stadionlarda yetişmişik. Heç nədən narazı deyiləm. İnanıram ki, bu stadionda çox qalibiyyətlərimiz olacaq.

 

- “Xəzər Lənkəran” 3 oyundu uduzmur. Bunu davam etdirə biləcəksiniz?

- İnanıram ki, belə oyunla daha yaxşı çıxış edəcəyik. Məncə, səfərdə “Qarabağ”ı da məğlub edə bilsək, hər şey əla olacaq. Özümüzə inanmalıyıq. Bizim gücümüz və potensialımız var. Sadəcə, komandamıza olan güvəni artırıb, oyundan-oyuna xallar toplamalıyıq.

 

Elsevər MƏMMƏDOV

 

 

 

0