Tyeqo Xesus: Onun acığına driblinq edirdim - MÜSAHİBƏ
20.10.2014 - 13:13
Tyeqo Xesus: Onun acığına driblinq edirdim - MÜSAHİBƏ

“Xəzər Lənkəran” klubunun müdafiəçisi Tyeqo Xesus Topaz Premyer Liqasının VIII turunda “Bakı” üzərində qazanılan 4:0 hesablı qələbədən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Bu görüşün bizim üçün asan olacağını bilirdik. Amma gördüyünüz kimi, böyük hesablı qələbə qazandıq. Bunun da səbəbi odu ki, matçın ilk yarısında əlimizə düşən bütün qol epizodlarından istifadə etdik. Artıq ikinci hissədə daha rahat oynayırdıq.

 

- Rəqibinizin problemləri haqqında eşitmisiniz. Buna görə də əvvəlcədən belə qələbəni təxmin etmək olardı…

- Düzdü, xəbərimiz var idi. Amma onların son iki oyundakı nəticələrinə baxsanız, o qədər də zəif olduqlarını demək olmaz. Həm də “Bakı”nın heyətindəki futbolçuların əksəriyyətinin gənc olması, onları daha da təhlükəli edir. Çünki bu futbolçular özlərini göstərmək istəyirlər. Problemə qalsa, bu gün “Xəzər Lənkəran”da da problemlər var. Rəqibin çatışmazlıqları, nə vəziyyətdə olmaqlarını düşünməkdənsə, özümüzü düşünməliyik. Qələbə bizə hava-su kimi lazımdı.

 

- Çempionatda yaranmış 20 günlük fasilədən sonra 4:0 hesablı qələbə qazandınız. Həmin dövrdəki hazırlığın oyununuza təsiri oldu?

- Yaranmış fasilə bizim üçün yaxşı oldu. Əvvəl etdiyimiz səhvlər üzərində işlədik. Bir də düşündük ki, artıq VIII turdan bizim üçün yeni oyunlar seriyası – uğurlu seriya başlamalıdı.

 

- Komandanız son 3 oyunda uduzmadı. 2 qələbə və 1 heç-heçə qazanmısınız…

- Uğurlu davam etməliyik. Çempionata başlayanda məqsədimiz sonda birinci olmaq idi. Amma uğurlu başlanğıc edə bilmədik. İndi isə hər şeyi dəyişmək lazımdı. Artıq 3 oyundu qazandığımız uğurlu nəticənin ardını gətirməliyik.

 

- Növbəti – IX turda qarşılaşacağınız “Qarabağ”la oyun sizin üçün çox şeyi dəyişə bilər…

- Əlbəttə ki, “Qarabağ” güclü rəqibdi. Onların hansı oyunu oynadığını və nəyə qadir olduğunu bilirik. Fikrimcə, həmin oyunda da qalib gəlib, özümüzə güvəni qaldırmalıyıq. Düşünürəm ki, biz bunu etməyə qadir komandayıq.

 

- Bəzən qalib gəldiyiniz oyunlarda mərkəz müdafiəçisi olmağınıza baxmayaraq, arxa xətdə driblinqlər edirsiniz. Bu normaldı?

- Komandamız qalib gəldiyi vaxt top saxlamaq normaldı. Bunu hər komandada edirlər. Amma sırf bugünki oyuna gəldikdə isə mən müdafiədə rəqibi keçmək istədim. Daha doğrusu, bunu etdim də. Səbəb isə o idi ki, bizə uduzduqları halda rəqib futbolçu məni təxribata çəkirdi. Deyirdi ki, bundan öncə gör kimlərə, hansı komandalara uduzmusuz. Mən də o futbolçunun acığına driblinq edirdim.

 

Elsevər MƏMMƏDOV 

0