“Ağdamda oynasaq, biz də “Barselona”ya qalib gələrik” - MÜSAHİBƏ
24.10.2014 - 16:56
“Ağdamda oynasaq, biz də “Barselona”ya qalib gələrik” - MÜSAHİBƏ

“Qarabağ”ın albaniyalı sol cinah müdafiəçisi Ansi Aqollinin apasport.az saytına müsahibəsi

 

- Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində keçirilən “Dnepr”lə görüşdə 1:0 hesabı ilə qalib gəldiniz. Bu haqda nə deyə bilərsiniz?

- Çox şadam ki, belə bir güclü klubla səfər oyununda 3 xal qazandıq. Kiyevdə çox gözəl oyun göstərdik. Matçdan öncə də qələbəyə inanırdıq. Biz bu qələbəni ürəyimizlə qazandıq. İndi irəliyə, daha yüksək yerlərə getməliyik. Artıq “Xəzər Lənkəran” haqqında düşünürük.

 

- “Dnepr”in bəzi futbolçuları “əgər Dnepropetrovskda oynasaydıq, qələbə qazanardıq” deyib. Sizcə, oyunun Kiyevdə keçirilməsi “Qarabağ”a üstünlük yaratdı?

- Ağdamda oynasaq, biz də “Barselona”ya qalib gələrik (gülür). Mən “Dnepr”in futbolçularının dediklərinə şərh vermək istəmirəm. Onlar nə istəsələr, danışa bilərlər. Amma həqiqət budur ki, biz səfərdə “Dnepr” üzərində qələbə qazanmışıq.

 

- Dünən məğlub etdiyiniz ukraynalılara Bakıda da qalib gələ biləcəksiniz? Onlar bura qisas almaq istəyi ilə gələcəklər…

- Qələbə qazanmağımız mümkündür. Biz çox ciddi hazırlaşacağıq və qrupda ikinci qələbəmizi əldə etməyə çalışacağıq. Amma indi ən çox “Xəzər Lənkəran” haqqında düşünürük. Ardıcıl qələbə qazansaq, bu bizə daha yaxşı təsir edər.

 

- Vaxtilə Ukraynanın “Krivbass” klubunda birlikdə oynadığınız Mladen Bartuloviç də hazırda “Dnepr”də çıxış edir. Onunla görüşdünüz?

- Bəli, onunla görüşdüm. Hətta əvvəllər “Krivbass”da mənim məşqçim olmuş Vasilini də gördüm. Onun soyadını xatırlamıram.

 

- Oyundan sonra onlar səni təbrik etdilər?

- Hər ikisi məni təbrik etdi. “Qarabağ”ın çox yaxşı və güclü komanda olduğunu dedilər. Bu da təbii ki, mənim üçün xoş sözlər idi.

 

- AVRO-2016-nın seçmə mərhələsində Serbiya ilə səfər oyununda yaşanan bayraq qalmaqalına görə UEFA Albaniya millisinə 0:3 hesablı texniki məğlubiyyət verib…

- Bu, inanılmaz qərardır. Axı nəyə görə Albaniya yığması məğlubiyyət almalı idi?! Serbiyalı futbolçu Stefan Mitroviç bizim bayrağımızı təhqir etmək istəyirdi. Biz də onun qarşısını almağa çalışdıq. Nə üçün UEFA bizə məğlubiyyət verdi? Söz tapa bilmirəm. Bu, axmaq qərardır.

 

- Siz matçın yenidən keçirilməsini istəyirdiniz?

- Yox, nə üçün matç yenidən keçirilməlidir ki? Bizə qələbə verilməli idi. Ədalət o zaman öz yerini tapardı ki, qitə futbol qurumu 3 xalı bizim aktivimizə yazardı.

    

Elsevər MƏMMƏDOV

0